Formula1-in 61-ci dünya çempionatının başlanmasına bir aydan az vaxt qalır. Ona görə də hələ də yarışlarda iştirak etmək hüququ olmayan Belqradın Stefan GP komandasının başçısı Zoran Stefanoviçin bəyanatlarının tonunun dəyişməsi təəccüblü deyil. Serbiyalı mütəxəssis FİA-dan tezliklə bu məsələyə aydınlıq gətirməsi barədə danışır.
Formula1-də hazırkı vəziyyət nadirdir. İki komanda – Campos və US F1 komandaları yarışlarda iştirak etmək hüququna malikdirlər, amma bunu realizə edə bilmirlər. Stefan GP-də hər şey tərsinədir, texniki, personal və maliyyə məsələləri qaydasındadır, amma paddoka düşməyə icazə yoxdur. Belqrad hər yolla starta çıxmağa can atır.
Hazırda Stefan GP iştirakçıların siyahısına əlavə olunmasını istəyir, yəni heç kimin xətrinə dəyməmək üçün siyahını 14 komanda sayına qədər genişləndirmək. Komanda başçısı bildirib ki, hətta avadanlıqlarla dolu iki konteynerin Bəhreyn və Malayziyaya göndərilməsinə baxmayaraq, komandanın hazırladığı maşınlar rəsmi icazə alınana qədər komandanın bazasında qalacaq.
Xatırladaq ki, serbiyalılar çempionatı tərk etmiş Toyota komandasının bütün əmlakını əldə ediblər, personalın bir hissəsini saxlayıblar, son vaxtlar isə komandanın sürücüləri kimi Ralf Şumaher və Kazuki Nakacimanın adları mətbuatda hallanır…