F-1.az xatırladır ki, McLaren Technology Group-un səhmdarları keçən həftə Ron Dennisi istefaya göndərmişdilər. Təcrübəli mütəxəssisin şirkətlə 2017-ci ilin yanvar ayına qədər müqaviləsi var. Lakin o, məcburi məzuniyyətə göndərilib və müqaviləsi bitdikdən sonra McLaren-dən tamamilə ayrılacaq. Səhmdarlar Dennisi əvəzləyə biləcək bir mütəxəssis axtardıqlarını etiraf etmişdilər və Zek Braunun adı tez-tez komanda ilə hallanırdı. Nəhayət ki, gözlənilən rəsmi açıqlama gəlib – Braun McLaren-in təklifini qəbul edib.
McLaren Group: “Zek Braunun şirkətə qoşulduğunu elan etməkdən məmnunuq. Bu təyinat bizim yenidənqurma, biznes və Formula1-dəki çıxışımızla bağlı strateji əməliyyatların daxil olduğu bir prossesin mühüm hissəsidir. Əməliyyat direktoru Conatan Nil və Zek Braun yeni icraçı direktorun kim olacağına aydınlıq gələnə qədər birlikdlə işləyəcəklər”.
Zek Braun: “McLaren Technology Group-a qoşulduğum üçün qürur duyuram. Şirkətin bu günə qədər qazandığı bütün uğurlarına hörmətlə yanaşıram. Bu inkişaf dövründəki növbəti addımlara öz töhfəmi vermək üçün səbirsizlənirəm. İllərdir ki, McLaren ilə əməkdaşlıq etmişəm. Bütün kollektivin istedadından və işini sevməsindən təsirlənmişəm. Dünyanın ən böyük avtoidman marketinq şirkəti olan Just Marketing International-ın banisi olaraq McLaren ilə tez-tez əməkdaşlıq etmişəm. Birlikdə bəzi mükəmməl işlərimiz olub – Johnnie Walker, GSK, Hilton, Lenovo, Chandon və NTT kimi şirkətlərlə birlikdə müqavilələr bağlamışıq. Mən yeni vəzifəmdə avtoidman və biznes təcrübələrimdən istifadə edəcəm”.