Yaxın gələcəkdə Cənubi Afrika Qran Prisini gözləməyinə dəyməz…

Cənubi Afrika Respublikasının yenidən Formula1 təqviminə qayıdacağı barədə söz-söhbətlər bir ildir ki, var. Lakin belə görünür ki, bu, yaxın gələcəkdə baş verməyəcək. Maddi problemlər buna mane olur və Kyalami trasının Formula1-i qəbul etmək üçün FİA sertifikatı yoxdur.

F-1.az bildirir ki, Kyalamidə sonuncu dəfə testlər 2001-ci ildə keçirilib. Sakitlik də elə o vaxtdan sonra başlayıb. Trasda son iki ildə yenidənqurma və modernləşdirmə işləri aparılıb. Kyalami nəzəri olaraq yarışı qəbul edə biləcək vəziyyətdədir, lakin iqtisadi məsələləri həll edə bilmir.

Trasdakı yenidənqruma işlərinə 30 milyon avro xərclənib. Sabiq yarışçı və Porsche-nin ölkəsindəki təmsilçisi Tobi Venter Kyalamini 2014-cü ildə alıb və trasdakı işlər 2015-ci ilin may ayında başlayıb. Trasın konfiqurasiyasında dəyişikliklər edilib, asfalt örtüyü tamamilə yenilənib və komanda boksları üçün kompleks tikilib. Ən əsası da odur ki, Kyalami hazırda müasir təhlükəsizlik standartlarına uyğundur və FİA-nın verdiyi lisenziyaya əsasən Formula1-dən başqa bütün yarışları qəbul edə bilər.

Trasdakı yenidənqurma işlərinə cavabdeh olan Endryu Bolduin Almaniyanın Motorsport-Total resursuna danışıb: “Hazırda Kyalamidə Formula1 yarışının keçirilməsi barədə söhbət getmir, lakin biz ondan imtina etməmişik. Trasın təqvimə qayıtması əla olardı, lakin pul yoxdur. Bizə dövlət dəstəyi lazımdır. Bu, son illərdə təqvimə girən ölkələrdə də olduğu kimi, yarışı qəbul etməyin yeganə yoludur. Buna Rusiya və Azərbaycanı misal göstərə bilərik. Hökumət gördüyümüz işlərdən xəbərdardır, lakin heç bir rəsmi danışıq aparılmayıb”.

Qeyd edək ki, Kyalami trası Formula1-ə 1967-ci ildən 1993-cü ilə qədər 20 dəfə ev sahibliyi edib. Bu trasda ən çox qələbə qazanan sürücü Niki Laudadır – sabiq dünya çempionu üç dəfə finiş xəttini birinci keçib. 1993-cü ildə keçirilən sonuncu yarışda isə Alen Prost hamını üstələyib. Cənubi Afrika Qran Prisi Formula1 təqvimində Kyalamidən əvvəl Şahzadə Corc trası ilə üç dəfə təmsil olunub. Kyalami trasının uzunluğu 1992-ci ildə son dəyişikliklərə qədər 4.261 km, döngələrin sayı isə 13 olub. Buradakı ən sürətli dövrənin sahibi Naycel Mənselldir.

Tom Praysın həlak olduğu Formula1 tarixinin ən qorxunc qəzalarından biri də 1977-ci il martın 5-də məhz Kyalamidə baş verib…

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*