Yarış da, mövsüm də BMW-nin qələbəsi ilə başa çatıb

Bu gün F1-dən başqa digər bir çempionatda titulun sahibi bəlli olub. Söhbət Almaniyanın DTM çempionatından gedir.

F-1.az xəbər verir ki, əfsanəvi Hokkenhaymrinqdə baş tutan mövsümün sonuncu yarışı BMW komandasının ikiqat qələbəsi ilə başa çatıb.

Belə ki, komandanın almaniyalı sürücü Marko Vittmann vətənində mövsümdə yeganə qələbəsinə sevinərkən, finiş xəttini 3-cü yerdə keçmiş komandanın digər sürücüsü cənubiafrikalı Şeldon van der Linde karyerasında ilk titulunu bayram edib.

Şeldon mövsümün son yarışına turnir cədvəlində 2-ci olan Mercedes-dən Lukas Auer üzərində cəmi 2 xal üstünlüklə gəlmişdi. Sıralanma turu Auer üçün uğursuz alınıb – avstriyalı sürücü yalnız 11-ci nəticə ilə kifayətlənib, Şeldon isə 6-cı yerdən start almaq haqqı qazanıb.

Poul isə titula digər namizəd Rene Rasta qismət olub – Audi ilə sonuncu mövsümünü keçirən 3 qat çempion startda 4-cü yerdən yarışa başlayan Marko Vittmanna mövqeyini uduzub.

Məcburi pit stopundan sonra Rene Markonun önündə qala bilib, təkər təkərə mübarizə gedib, hətta təmas da yaşanıb və Renenin kiçik səhvi Markonun yenidən irəli çıxması ilə nəticələnib. Finişdə iki sürücünü 4 saniyə ayırıb.

Şeldon isə rəqiblərini bir-bir keçərək, finişdə komanda yoldaşına 15 saniyə uduzub. Lukas Auerin finişdə 7-ci olmasından sonra Şeldon titulunu rəsmiləşdirib.

Xatırladaq ki, BMW sonuncu dəfə titula 2016-cı ildə məhz Marko Vittmannla sevinmişdi…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*