F-1.az xatırladır ki, Maks Ferstappen yarışa pouldan başlayırdı. Oskar Piastri ikinci, Lando Norris üçüncü yerdə idi. Şarl Lekler 4-cü, Serxio Peres 5-ci, Karlos Sayns 6-cı, Lyuis Həmilton 7-ci, Corc Rassell 8-ci, Yuki Tsunoda 9-cu, Fernando Alonso 10-cu yerdən start alırdılar.
Yarışın startında Lando Norris birinci döngədə Maks Ferstappenlə bərabərləşsə də, önə çıxa bilməyib. Bununla da niderlandlı sürücü qələbəsinin təməlini qoyub. Oskar Piastri isə startda Maksın arxasında ilişib qaldığı üçün Norris onu keçərək, ikinci yerə yüksəlib.
Arxa tərəfdə isə Serxio Peres startda Həmiltonla təmas edərək, ön qanadını zədələyib. Ən arxalarda isə Valtteri Bottas, Quanyu Çjou, Esteban Okon, Aleksander Elbon və Loqan Sarcent bir-birlərilə təmas yaşayıblar və buna görə də karbon-fiber qırıntıları havada uçuşub. Bu təmaslardan sonra trasda çoxlu qırıntılar olduğu üçün təhlükəsizlik maşını rejimi başlayıb. Bottas, Elbon, Çjou, Peres və Okon pitə gəliblər.
Təhlükəsizlik maşınının arxasında onluq belə idi – Maks Ferstappen, Lando Norris, Oskar Piastri, Şarl Lekler, Karlos Sayns, Fernando Alonso, Lyuis Həmilton, Corc Rassell, Liam Louson, Yuki Tsunoda.
Təhlükəsizlik maşınından sonra sürücülər yollarına belə davam etdilər. Arxada isə Loqan Sarcentlə Valtteri Bottas mübarizə apararkən finlandiyalı sürücü yerində fırlandı və beş dövrədə iki dəfə təmas yaşayan Bottas yarışdan çəkilməli oldu. Loqan Sarcentə isə bu təmasa görə 5 saniyə zaman cəzası verildi.
Yeddinci dövrədə DRS açıldı, amma bu zirvə uğrunda mübarizəyə təsir etmədi. Çünki Ferstappen ikinci yerdəki Norrislə, Norris isə üçüncü yerdəki Piastri ilə 2.5 saniyə fərq açmışdılar.
Təhlükəsizlik maşınının arxasında pitə gəlmiş Peres isə 18-ci yerə gerilədi. O, təhlükəsizlik maşını qaydalarına riayət etmədiyi üçün 5 saniyə zaman cəzası almışdı. Buna baxmayaraq, meksikalı sürücü yenə də yoluna davam edir və yüksəlməyə çalışırdı. Yarışın 12-ci dövrəsində Peres 11-ci yer uğrunda mübarizədə rəqibi Kevin Maqnussenə pozitiv hücum etdi və rəqibinə təmas edərək, yerində fırlanmasına səbəb oldu.
İki sürücünün də maşını bu təmasa görə zədə aldı və onlar pitə gəlməli oldular. Meksikalı sürücü bu təmasa görə də 5 saniyə cəza aldı və maşında yaranan problemlərə görə mübarizəni dayandırdı.
Lakin bu təmas zamanı virtual təhlükəsizlik maşını rejimi başladı. Bu rejimdən qazanclı çıxan isə Oskar Piastri oldu, çünki rejim o pitə daxil olan kimi başladı və o pitdən çıxandan sonra bitdi.
Yarışın 17-ci dövrəsində isə Maks Ferstappenlə Lyuis Həmilton pitə gəldilər. Bir dövrə sonra isə Şarl Leklerlə Oskar Piastri təkərlərini dəyişmək üçün pitə girdilər. Beləliklə, Ferstappen yenidən liderliyini bərpa etmiş oldu.
İkinci yerdə isə Virtual təhlükəsizlik maşını rejimindən istifadə etmiş Oskar Piastri var idi. Lakin onun komanda yoldaşı Lando Norris yenə də sürətli idi və bunu görən McLaren komandası sürücülərinin yerini dəyişdirdi.
Yarışın 30-cu dövrəsindən sonra onluqda sıralanma belə idi – Ferstappen, Norris, Piastri, Lekler, Sayns, Həmilton, Okon, Rassell, Alonso və Tsunoda.
Yarışın 35-ci dövrəsində isə ilk altılıqdakı sürücülər yenidən pitə getdilər. Lakin Karlos Sayns rəqiblərinə nisbətən gec pit-stop etdi və bu da ispaniyal sürücünün yeddinci yerə geriləməsinə səbəb oldu.
İkinci pit-stoplardan sonra sıralanma belə idi – Ferstappen, Rassell, Norris, Piastri, Lekler, Həmilton və Sayns.
Yarışın geri qalanında Norris, Piastri, Lekler, Həmilton və Sayns daha köhnə təkərləri olan Rasselli geridə qoyaraq, bir pillə irəlilədilər. Corc Rassell isə tək pit-stoplu strategiya seçsə də, sadəcə yeddinci ola bildi.
Yarışın geri qalanında yaddaqalan hadisə olmadı və Maks Ferstappen builki 13-cü qələbəsini qazanaraq, komandası Red Bull-a 6-cı dəfə Mühəndislər Kubokunu qazandırdı. Red Bull isə sona 6 yarış qalmış Mühəndislər Kubokunu qazanaraq, bu uğura ən tez çatmış komanda statusunu əlinə keçirdi.
Podiumu isə McLaren komandasının sürücüləri – Lando Norris və Oskar Piastri tamamladılar.