F-1.az xatırladır ki, cümə və şənbə məşqlərində Lyuis Həmilton liderlik edib, elə britaniyalı sürücü də sıralanma turunda hamıdan sürətli olub. Ferrari komandasının strateqləri növbəti dəfə səhv qərar qəbul ediblər – sürücüləri keçid təkərlərlə trasa göndərən komanda tezliklə səhvini başa düşüb və təkərləri sliklərlə əvəzləyib, amma sürücülər trasda sürətli dövrə atmağa ideal vəziyyəti əldən veriblər. Sebastyan Fettel yeganə şansından yararlanmayıb, səhvə yol və yalnız 9-cu nəticə göstərib.
İki sürücü yer itirməklə cəzalanıb. Esteban Okon dünən səhər məşqlərində qırmızı bayraqlar altında kifayət qədər yavaşlamadığı üçün start düzümündə 3 yer itirib. Markus Eriksson isə sıralanma turunun ilk sessiyasında qəzaya uğradıqdan sonra onun maşınında mühərrik və ötürmələr qutusu dəyişdirilib, ona görə də isveçli sürücü sonuncu yerdən start almalı olub – Markus onsuz da sonuncu olduğu üçün faktiki olaraq yer itirməyib.
Həmilton və Bottas ilk cərgədən, Ferstappen və Rəykkönen ikinci cərgədən, Qrojan və Hartli isə 3-cü cərgədən start alıblar.
Pirelli Suzukaya SuperSoft, Soft və Medium tərkiblərini gətirib. Mercedes sürücüləri ilə birlikdə Roman Qrojan sıralanmanın ikinci sessiyasında Soft-dan istifadə etmişdilər. İlk onluğun digər sürücüləri starta SuperSoft-la çıxıblar. Yerdə qalan sürücülərdən yalnız Hülkenberq Medium tərkibini seçib – hamı Soft-la starta üstünlük verib.
Startda insident yaşanmayıb, Həmilton liderliyini qoruyub. İlk beşlikdə yerdəyişmə olmayıb, Fettel Qasli və Qrojanı üstələyib. Alonso da arxada 3 mövqe qazanıb. Ferstappen səhvə yol verib və şikanada trasdan çıxıb, trasa qayıdarkən Rəykkönenə yer qoymayıb və onu trasdan çıxarıb. Fürsətdən yararlanan Fettel komanda yoldaşını keçib. Bu insidentə görə stüardlar Maksı 5 saniyəlik cəzalandırıblar.
Alonso və Stroll isə eyni insidentdə cəzalanıblar – Stroll Alonsonu trasdan çıxardığı üçün, Alonso isə trasdan çıxmaqla üstünlükq azandığı üçün 5 saniyəlik cəza alıblar.
Lekler Maqnussenə hücum zamanı danimarkalı sürücünün təkərini deşib. Kevin boksa qayıdıb və təkərlərini dəyişib. 3-cü dövrənin sonunda ilk onluq: Həmilton – Bottas – Ferstappen – Fettel – Rəykkönen – Qrojan – Qasli – Peres – Okon – Rikkardo.
Trasa səpələnmiş qırıntılarını və təkər fraqmentlərini təmizləmək üçün trasa Təhlükəsizlik Maşını (TM) çıxıb. 5-c dövrədə Lekler və Sirotkin, 6-cı dövrədə isə Eriksson yeni təkərlərə keçiblər.
7-ci dövrədə yarışa restart verilib, Həmilton yenə də liderliyini qoruyub, yerdəyişmə olmayıb. Eriksson ilk döngədə arxadan Leklerə çırpılıb – amma hər iki sürücü yoluna davam edib. Fettel Ferstappenə hücum edib, maşınlar təmas yaşayıblar. Maks yoluna davam ediblər, Fettel isə yeridə fırlanaraq sonuncu yerdə peletona qoşulub. Stüardlar insidentə görə heç kimi cəzalandırmayıblar.
9-cu dövrədə Maqnussen maşını boksda saxlayaraq, altlığın zədələnməsi üzündən mübarizəni dayandırmalı olub. 3-cü dövrənin sonunda ilk onluq: Həmilton – Bottas – Ferstappen – Rəykkönen – Qrojan – Qasli – Peres – Rikkardo – Okon – Sayns.
Rikkardo əvvəlcə Peresi, sonra Qaslini, daha sonra isə Qrojanı qabaqlayaraq, 5-ci yerə yüksəlib. Eriksson isə 17-ci yer uğrunda mübarizədə Sirotkini geridə qoyub. 15-ci dövrədə Stroll, 18-ci dövrədə Rəykkönen boksa yollanıblar. Finlandiyalı sürücü pit-stopdan sonra Saynsı, Okonu və Peresi qabaqlayıb. Fettel isə Hartlini üstələyərək 11-ci yerə yüksəlib.
22-ci dövrədə Ferstappen boksa üz tutub – 5 saniyəlik cəriməsini çəkib və yeni təkərlərə keçib. Hollandiyalı sürücü trafikdə zaman itirən Rəykkönenin önündə trasa qayıdıb. 24-cü dövrədə Bottas və Rikkardo, 25-ci dövrədə isə Həmilton mexaniklərinə qonaq olublar: Lyuis peletonun başında, Daniel isə Kiminin önündə trasa qayıdıblar.
27-ci dövrədə Okon, Fettel və Alonso, 29-cu dövrədə isə Hartli boksda təkər dəyişiblər. Lekler və Peres şikanada Hülkenberqi, Okon isə Erikssonu üstələyib. 30-cu dövrədə Qorjan və Qasli də boksa yollanıblar. Peres isə Lekleri də üstələyərək 8-ci yerə qalxıb. 31-ci dövrədə Hülkenberq pit-stopunu reallaşdırıb. Fettel ardıcıl ötmələrdən sonra 8-ci yerə yüksəlib. 33-cü dövrədə isə Sayns pit-stop edən sonuncu sürücü olub. 34-cü dövrədə ilk onluq: Həmilton – Bottas – Ferstappen – Rikkardo – Rəykkönen – Qrojan – Fettel – Peres – Okon – Lekler.
35-ci dövrədə Fettel Qrojanı üstələyərək 6-cı yerə yüksəlib. 36-cı dövrədə Qasli Lekleri arxada qoyub – monakolu sürücü dərhal boksa yollanıb. 39-cu dövrədə Hülkenberq maşını boksda saxlayaraq, mübarizəni dayandırıb. Sirotkin və Stroll isə ikinci dəfə Williams-ın mexaniklərinə qonaq olublar. 4o-cı dövrənin sonunda ilk onluq: Həmilton – Bottas – Ferstappen – Rikkardo – Rəykkönen – Fettel – Qrojan – Peres – Okon – Qasli.
40-cı dövrədə Lekler 2-ci Degner döngəsində trasdan çıxaraq mübarizəni daydnırıb. Virtual Təhlükəsizlik Maşını rejimi elan olunub. növbəti dövrənin sonunda rejim ləğv olunub. Dərhal Peres Qrojanı üstələyib.
46-cı dövrədə Bottas şikanada səhvə yol verib, bir neçə saniyə itirib, amma mövqeyini qoruyub. 50-ci dövrədə Sayns Qaslini üstələyərək ilk onluğa qayıdıb. Son dövrədə Ferstappen Bottasa yaxınlaşıb, amma ciddi hücum həmləsi olmayıb.
Lyuis Həmilton Suzukada finiş xəttini birinci keçərək mövsümdə 9-cu, karyerasında isə 71-ci qələbəsini qazanıb. Mövsümün sonunda 4 mərhələ qalmış Həmilton çempionatda üstünlüyünü 67 xala çatdırıb, ona görə də titulun taleyi Ostində həll oluna bilər.
Valtteri Bottas fikişdə ikinci olub – Mercedes mövsümdə 4-cü, ardıcıl 2-ci qələbə dubluna sevinib. Maks Ferstappen podiumu tamamlayıb.
İki həftədən sonra mübarizə Ostində davam edəcək…
Yer | N | Sürücü | Komanda | Zaman/Fərq | Pit |
1 | 44 | Lyuis Həmilton | Mercedes | 1:27:17.062 | 1 |
2 | 77 | Valtteri Bottas | Mercedes | + 0:12.919 | 1 |
3 | 33 | Maks Ferstappen | Red Bull | + 0:14.295 | 1 |
4 | 3 | Daniel Rikkardo | Red Bull | + 0:19.495 | 1 |
5 | 7 | Kimi Rəykkönen | Ferrari | + 0:50.998 | 1 |
6 | 5 | Sebastyan Fettel | Ferrari | + 1:09.873 | 1 |
7 | 11 | Serxio Peres | Racing Point | + 1:19.379 | 1 |
8 | 8 | Roman Qrojan | Haas | + 1:27.198 | 1 |
9 | 31 | Esteban Okon | Racing Point | + 1:28.055 | 1 |
10 | 55 | Karlos Sayns | Renault | + 1 dövrə | 1 |
11 | 10 | Pyer Qasli | Toro Rosso | + 1 dövrə | 1 |
12 | 9 | Markus Eriksson | Sauber | + 1 dövrə | 1 |
13 | 28 | Brendon Hartli | Toro Rosso | + 1 dövrə | 1 |
14 | 14 | Fernando Alonso | McLaren | + 1 dövrə | 1 |
15 | 2 | Stoffel Vandorn | McLaren | + 1 dövrə | 1 |
16 | 35 | Sergey Sirotkin | Williams | + 1 dövrə | 2 |
17 | 18 | Ləns Stroll | Williams | + 1 dövrə | 2 |
Sürətli dövrə: Sebastyan Fettel (Ferrari) – 1:32.318 (53-cü dövrə, 226.447 km/saat).
MÜBARİZƏNİ DAYANDIRANLAR:
Sürücü | Komanda | Dövrə | Səbəb |
Kevin Maqnussen | Haas | 8 | altlığın zədələnməsi |
Niko Hülkenberq | Renault | 38 | mexaniki problemlər |
Şarl Lekler | Sauber | 40 | mexaniki problemlər |
SÜRÜCÜLƏRİN ÇEMPİONATI:
Yer | N | Sürücü | Ölkə | Komanda | Xal |
1 | 44 | Lyuis Həmilton | Mercedes AMG Petronas Motorsport | 331 | |
2 | 5 | Sebastyan Fettel | Scuderia Ferrari | 264 | |
3 | 77 | Valtteri Bottas | Mercedes AMG Petronas Motorsport | 207 | |
4 | 7 | Kimi Rəykkönen | Scuderia Ferrari | 196 | |
5 | 33 | Maks Ferstappen | Aston Martin Red Bull Racing | 173 | |
6 | 3 | Daniel Rikkardo | Aston Martin Red Bull Racing | 146 | |
7 | 11 | Serxio Peres | Racing Point Force İndia | 53 | |
8 | 20 | Kevin Maqnussen | Haas F1 Team | 53 | |
9 | 27 | Niko Hülkenberq | Renault Sport Formula 1 Team | 53 | |
10 | 14 | Fernando Alonso | McLaren F1 Team | 50 | |
11 | 31 | Esteban Okon | Racing Point Force İndia | 49 | |
12 | 55 | Karlos Sayns | Renault Sport Formula 1 Team | 39 | |
13 | 8 | Roman Qrojan | Haas F1 Team | 31 | |
14 | 10 | Pyer Qasli | Red Bull Toro Rosso Honda | 28 | |
15 | 16 | Şarl Lekler | Alfa Romeo Sauber F1 Team | 21 | |
16 | 2 | Stoffel Vandorn | McLaren F1 Team | 8 | |
17 | 18 | Ləns Stroll | Williams Martini Racing | 6 | |
18 | 9 | Markus Eriksson | Alfa Romeo Sauber F1 Team | 6 | |
19 | 28 | Brendon Hartli | Red Bull Toro Rosso Honda | 2 | |
20 | 35 | Sergey Sirotkin | Williams Martini Racing | 1 |
MÜHƏNDİSLƏR KUBOKU:
Yer | Komanda | Motor | Xal |
1 | Mercedes AMG Petronas Motorsport | Mercedes | 538 |
2 | Scuderia Ferrari | Ferrari | 460 |
3 | Aston Martin Red Bull Racing | Renault | 319 |
4 | Renault Sport Formula 1 Team | Renault | 92 |
5 | Haas F1 Team | Ferrari | 84 |
6 | McLaren F1 Team | Renault | 58 |
7 | Racing Point Force İndia | Mercedes | 43 |
8 | Red Bull Toro Rosso Honda | Honda | 30 |
9 | Alfa Romeo Sauber F1 Team | Ferrari | 27 |
10 | Williams Martini Racing | Mercedes | 7 |