F-1.az xatırladır ki, Malayziyadakı insidentə görə yer itirən Fettel və ötürmələr qutusunu dəyişdirən Verlyayndan başqa, start düzümünü protokollardan fərqləndirən daha iki hal baş verib – Batton güc qurğusunu tamamilə yenilədiyi üçün ən sonuncu yerdən başlamalı olub, Rəykkönen isə ötürmələr qutusunu dəyişdirdiyi üçün 5 yer itirmək cəzası alıb.
Pirelli Suzukaya Hard, Medium və Soft üçlüyünü gətirib. Yarışda hər bir sürücü ən azı bir dövrə Hard təkərdən istifadə etməli idi. Maqnussen, Nasr və Batton yarışa Hard, Bottas, Massa, Palmer və Eriksson Medium təkərlərlə, qalan sürücülər isə Soft təkərlərlə başlayıblar.
Yarışın startı Lyuis üçün artıq ənənə halını almış gecikmə ilə başlayıb. Startda ləngiyən britaniyalı 8-ci yerə qədər geriləyib. Onun arxasından start alan sürücülərin də yer itirməsi fonunda, Peres 3-cü yerə qədər yüksəlib. Rosberq isə yerini qoruyub və elə ilk dövrədəcə ikinci yerdən gedən Ferstappenlə arasındakı fərqi bir saniyədən də çox artırıb. İkinci dövrədə ilk onluq belə olub: Rosberq – Ferstappen – Peres – Fettel – Rikkardo – Hülkenberq – Rəykkönen – Həmilton – Qrojan – Qutyerres.
Növbəti dövrələrdə Fettel Peresi, Rəykkönen və Həmilton isə Hülkenberqi keçiblər. On dövrə geridə qalarkən, ilk onluqda başqa dəyişiklik olmayıb. Pit-stopa ən erkən gedən sürücülər Ferstappen, Rikkardo, Qrojan və Kvyat olublar – Red Bull hər iki sürücüsünü eyni dövrədə ardıcıl olaraq təkər dəyişməyə çağırıb. Yarışa ön yerlərdə davam edən Rosberq, Peres və hər iki Ferrari sürücüsü 13-cü, Həmilton isə 14-cü dövrədə pitə üz tutub. Rəykkönen Peresi, Həmilton isə Rikkardo və pit-stopa getməmiş Williams sürücülərini ötüb. Massa və Bottas ilk pit-stoplarını müvafiq olaraq 24-cü və 27-ci dövrədə ediblər. Bu pit-sroplardan sonra ilk beşlikdə vəziyyət belə olub: Rosberq – Ferstappen – Fettel – Həmilton – Rikkardo.
Mercedes AMG stareqləri bu dəfə də Ferrari-dəkiləri üstələyiblər – 34-cü dövrədə Həmilton pit-stopa çağırılıb və ona yenidən Hard təkərlər taxılıb. Bir dövrə sonra Fettel təkərini dəyişib və Soft-a keçib. Hamı Fettelin Həmiltonu təkər fərqinə görə ötüb keçəcəyini gözləsə də, bu baş verməyib. Təkərlərin resursunun çox tez tükəndiyi Suzukada Fettel Həmiltona nəinki hücum etmək, heç yaxınlaşa bilməyib.
Əsl mübarizə isə yarışın sonlarında baş verib. Maks Ferstappenə sürətlə yaxınlaşan Həmilton onu keçmək üçün dəfələrlə cəhd edib, lakin sonuncu döngənin çıxışında üstünlük əldə edən RB12 Maksa müdafiə olunmaq üçün ideal imkan yaradıb. Finişə bir dövrə qalmış isə Həmilton ötmə üçün yaxşı imkan əldə edib – dövrənin sonunda hətta Maksın yanına qədər çatsa da, gənc hollandiyalının bir qədər trayektoriyasını dəyişdirməsi Həmiltonu trasdan çıxmağa məcbur edib. Bir saniyədən çox vaxt itirən britaniyalı son dövrədə yenə cəhd etsə də, startdakı yerini qaytarmağa müvəffəq olmayıb və yarışı 3-cü yerdə başa vurmalı olub.
Yarışa nəzarət edən və sona qədər motora çox da güc salmayan Rosberq Suzukada ilk qələbəsini çox rahat şəkildə əldə edib. Xatırladaq ki, bundan əvvəlki iki ildə də poulu alan Niko finişi birinci keçə bilməmişdi. Bu, onun cari mövsümdəki 9-cu, karyerasında isə 23-cü qələbəsidir. O, qələbə sayında üçqat dünya çempionu Nelson Pikeyə çatıb.
Suzukada Formula1 tarixində çox nadir olan hadisə baş verib – sürücülərin hamısı finişə çatıb.
Çempionatda Həmiltonla arasındakı xal fərqini 33-ə çatdıran Niko sona 4 yarış qalmış, çempionluğa daha bir addım yaxınlaşıb. Bütün yarışları hətta ikinci yerdə başa vurmaq çempionluq üçün kifayət edir.
Mercedes AMG yarışı 40 xalla başa vurub və ardıcıl 3-cü dəfə Mühəndislər Kubokunda çempionluğunu təmin edib.
Növbəti yarış 2 həftə sonra Ostində baş tutacaq…
Yer | N | Sürücü | Komanda | Zaman | Pit |
1 | 6 | Niko Rosberq | Mercedes AMG | 1:26:43.333 | 2 |
2 | 33 | Maks Ferstappen | Red Bull | + 0:04.978 | 2 |
3 | 44 | Lyuis Həmilton | Mercedes AMG | + 0:05.776 | 2 |
4 | 5 | Sebastyan Fettel | Ferrari | + 0:20.269 | 2 |
5 | 7 | Kimi Rəykkönen | Ferrari | + 0:28.370 | 2 |
6 | 3 | Daniel Rikkardo | Red Bull | + 0:33.941 | 2 |
7 | 11 | Serxio Peres | Force İndia | + 0:57.495 | 2 |
8 | 27 | Niko Hülkenberq | Force İndia | + 0:59.177 | 2 |
9 | 19 | Felipe Massa | Williams | + 1:37.763 | 1 |
10 | 77 | Valtteri Bottas | Williams | + 1:38.323 | 1 |
11 | 8 | Roman Qrojan | Haas | + 1:39.254 | 2 |
12 | 30 | Colion Palmer | Renault | + 1 dövrə | 1 |
13 | 26 | Daniel Kvyat | Toro Rosso | + 1 dövrə | 2 |
14 | 20 | Kevin Maqnussen | Renault | + 1 dövrə | 1 |
15 | 9 | Markus Eriksson | Sauber | + 1 dövrə | 1 |
16 | 14 | Fernando Alonso | McLaren | + 1 dövrə | 2 |
17 | 55 | Karlos Sayns | Toro Rosso | + 1 dövrə | 2 |
18 | 22 | Censon Batton | McLaren | + 1 dövrə | 2 |
19 | 12 | Felipe Nasr | Sauber | + 1 dövrə | 1 |
20 | 21 | Esteban Qutyerres | Haas | + 1 dövrə | 2 |
21 | 31 | Esteban Okon | Manor | + 1 dövrə | 2 |
22 | 94 | Paskal Verlyayn | Manor | + 1 dövrə | 2 |
Sürətli dövrə: Sebastyan Fettel (Ferrari) – 1:35.118 (36-cı dövrə, 219.781 km/saat)
SÜRÜCÜLƏRİN ÇEMPİONATI:
Yer | N | Sürücü | Ölkə | Komanda | Xal |
1 | 6 | Niko Rosberq | Mercedes AMG F1 Team | 313 | |
2 | 44 | Lyuis Həmilton | Mercedes AMG F1 Team | 280 | |
3 | 3 | Daniel Rikkardo | Red Bull Racing | 212 | |
4 | 7 | Kimi Rəykkönen | Scuderia Ferrari | 170 | |
5 | 33 | Maks Ferstappen | Red Bull | 165 | |
6 | 5 | Sebastyan Fettel | Scuderia Ferrari | 165 | |
7 | 77 | Valtteri Bottas | Williams Martini Racing | 81 | |
8 | 11 | Serxio Peres | Sahara Force İndia F1 Team | 80 | |
9 | 27 | Niko Hülkenberq | Sahara Force İndia F1 Team | 54 | |
10 | 19 | Felipe Massa | Williams Martini Racing | 43 | |
11 | 14 | Fernando Alonso | McLaren Honda Formula 1 Team | 42 | |
12 | 55 | Karlos Sayns | Scuderia Toro Rosso | 30 | |
13 | 8 | Roman Qrojan | Haas F1 Team | 28 | |
14 | 26 | Daniil Kvyat | Scuderia Toro Rosso | 25 | |
15 | 22 | Censon Batton | McLaren Honda Formula 1 Team | 19 | |
16 | 20 | Kevin Maqnussen | Renault Sport Formula 1 Team | 7 | |
17 | 30 | Colion Palmer | Renault Sport Formula 1 Team | 1 | |
18 | 94 | Paskal Verlyayn | Manor Racing MRT | 1 | |
19 | 47 | Stoffel Vandorn | McLaren Honda Formula 1 Team | 1 |
MÜHƏNDİSLƏR KUBOKU:
Yer | Komanda | Motor | Xal |
1 | Mercedes AMG F1 Team | Mercedes | 593 |
2 | Red Bull Racing | TAG Heuer | 385 |
3 | Scuderia Ferrari | Ferrari | 325 |
4 | Sahara Force India F1 Team | Mercedes | 134 |
5 | Williams Martini Racing | Mercedes | 124 |
6 | McLaren Honda Formula 1 Team | Honda | 62 |
7 | Scuderia Toro Rosso | Ferrari | 47 |
8 | Haas F1 Team | Ferrari | 28 |
9 | Renault Sport Formula 1 Team | Renault | 8 |
10 | Manor Racing MRT | Mercedes | 1 |