F-1.az mətbuat konfransında pilotlara ünvanlanan sualları və onların cavablarını təqdim edir.
FİA rəsmisinin sualları
Sual: Fernando, sizin startlarınız barədə çox danışırlar. Bu faktdır ki, son 5 yarışın ilk dövrələrində ümumilikdə 29 yer qazanmısınız. Siz bunu nə ilə izah edə bilərsiz? Bunlar təcrübənin, instinktin və ya etdiyiniz risklərin nəticəsidir?
Fernando Alonso: Məncə saydığınız hər bir amilin təsiri var. Bunlara bəxtimin gətirməsini də əlavə edə bilərik. Bəzən rəqiblərimizi keçərək yer qazanmağa çalışırıq, bunun üçün sağdan-soldan hücumlar edirik, lakin qarşımızda nələrin baş verəcəyini əvvəlcədən heç vaxt bilmirik. Mən 16 ildir ki, Formula1-də yarışıram və karyeram boyu bir çox ötmələr etmişəm. Bunların hamısını bəxtlə əlaqələndirmək olmaz. Təbii ki, təcrübənin da rolu var. PlayStation-da oyun oynayarkən son yerdən başlamağın özü də bir təcrübədir.
Sual: McLaren ardıcıl yarışlarda stabil olaraq nəticələr göstərməyə başlayıb. Siz görülən işlərlə daha yaxşı tanışsınız. Fikrinizcə, gələn il müntəzəm olaraq podiuma yüksəlməyiniz üçün komandanın nəyə ehtiyacı var? Daha bir sualım odur ki, sizin Sepanqda istifadə etdiyiniz yeni mühərriklə bağlı nə kimi planlar var?
Fernando Alonso: Düşünürəm ki, biz irəliyə doğru vacib addımlar atmışıq və əldə etdiyimiz nəticələrdən razıyıq. Force İndia və Williams kimi komandalarla mübarizə aparırıq. Son 5 yarışda 3 dəfə yeddinci olmuşam. Lakin bu o demək deyil ki, biz gələn il çox sürətli olacağımıza əminik. Hər şey dəyişəcək. Gələn il istifadə edəcəyimiz maşın üzərində çalışmalıyıq. Simulyatorla işləyərkən gələn ilin bolidinin potensialı barədə az-çox məlumata sahib olacayıq. Bu il daha da güclü olmaq, ön yerlər uğrunda rəqabət aparmaq istəyirik. Keçən il bu il üçün böyük addımlar atıldı və daha bir addıma ehtiyacımız var. Bunun da yolu sıralanma turlarında 3-cü sessiyaya yüksəlməkdən, hər yarışda xal qazanmaqdan, podium uğrunda mübarizə aparmaqdan keçir. Bunların mümkün olduğunu düşünürəm. Biz dəfələrlə demişik ki, qələbə qazanacayıq. Bunun üçün ehtiyacımız olan yeganə şey zamandır. Ümid edirəm ki, biz ən tez zamanda bunu bacara bilərik. Komandada kifayət qədər istedadlı adam var və hamı uğur üçün çalışır. Malayziyada yeni mühərriyə keçdim. Yenilənmələr mühərriyin gücündən daha çox etibarlılığı istiqamətində edilmişdi. Mövsümü başa vurmaq üçün kifayət qədər güc qurğusuna sahib deyildim və əlavə mühərrik götürmək üçün ötmələrə daha çox imkan verən Malayziyanı seçdik. Artıq mövsümün sonuna qədər narahatlıq keçirmədən yarışa bilərəm. Burada da həmin mühərrikdən istifadə edəcəyəm. Təkrar edirəm, mühərrik əvvəlki gücündədir. Motorçularımız bundan sonra da onu ən yaxşı vəziyyətə gətirmək üçün çalışacaqlar.
Sual: Fernando, təşəkkür edirəm. Lyuis, indi isə keçək sizə. Bura sizin üçün yaxşı ov yeridir. Son iki ildə qalib gəlmisiz və dünya çempionu olmusuz. Suzukada olmaq necə hissdir?
Lyuis Həmilton: Mən özümü keçən il olduğu kimi, yaxşı hiss edirəm. Yarışa çıxmaq üçün səbirsizlənirəm və buna hazıram. Burada olmaqdan məmnunam. Bu gün çox gözəl hava var.
Sual: Malayziya Qran Prisindən sonraki 3 gün ərzində nə etmisiniz? Son yarışı düşünərkən baş verənlər barədə hansı nəticəyə gəldiniz? Çempionatdakı mövqeyiniz sizi narahat edir? Öz yarışınızdan razı qaldınız? Sizin fikrinizcə, orada hər şeyi düz etdiniz?
Lyuis Həmilton: Keçən yarış barədə düşünmürəm. Bir yarışda uğursuzluq yaşayanda, adətən yarışdan başqa, Formula1-dən başqa hər şey barədə daha çox düşünürəm. Hazırda Tokioda olmaqdan zövq alıram. Dünyada sevdiyim 3 şəhərdən biridir.
Sual: Malayziyadakı çıxışınız barədə fikriniz nədir?
Lyuis Həmilton: Hər şey yaxşı idi. Sürətli idim. Ümid edirəm ki, burada da yaxşı çıxışımı davam etdirə biləcəyəm.
Sual: Paskal, irəli baxdığımızda, Fernandonun bundan əvvəl də xatırlatdığı kimi, gələn il bizi tamamilə yeni Formula1 maşınları gözləyir. Siz bu yaxınlarda Mercedes AMG və Pirelli ilə testlər etmisiniz. Dəyişikliklər barədə təəssuratlarınız necədir? Xüsusilə də, yeni təkərlər barədə.
Paskal Verlyayn: Daha sürətlidir. Lakin mən bu barədə ətraflı şəkildə danışa bilmərəm. Sürətli olduğu üçün də daha maraqlıdır. Lakin bundan əlavə başqa heç nə deyə bilmərəm. Üzrlü sayın.
Sual: Gələn mövsümlə bağlı nə düşünürsünüz? Manor-da qalacaqsınız, yoxsa başqa variantlara baxırsız?
Paskal Verlyayn: Baxaq, görək. Hazırda müzakirələr davam edir. Bir neçə həftə sonra bu barədə daha çox məlumata sahib olacağımı düşünürəm.
Sual: Kifayətdir. Kimi, siz mövsümün geridə qalan hissəsində komanda yoldaşınızdan çox xal qazanmısınız. Hətta keçən mövsümkü xalınızı da üstələmisiniz. Qarşıda 5 yarış var. Siz Fettellə müqayisədə daha çox yarışı xalla başa vurmusuz. Bu sizi razı salır?
Kimi Rəykkönen: Mən düşünürəm ki, indiki vəziyyətimizdən razı qalmaq bir qədər çətindir. Təbii ki, biz daha yaxşı yerlər uğrunda mübarizə aparmaq istəyirik. Biz əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq. Lakin bizim üçün ən yaxşısı indi olduğumuz yer deyil. Əsl Ferrari kimi olmalıyıq, ön yerlər uğrunda yarışmalıyıq. Mövsümün əvvəlindən intensiv rejimdə işləyirik və bu rejimi hələ də saxlayırıq. Ümid edirəm ki, gec-tez lider mövqeyində olacayıq.
Sual: Paskal bu barədə danışmaq istəmədi. Siz də növbəti ilin təkərlərini test edən az sayda sürücülərdən birisiniz. Hansı fərqləri hiss etdiyiniz barədə bizə danışa bilərsiniz? Gələn ildən nə gözləmək olar?
Kimi Rəykkönen: Bunları danışmaq üçün tezdir. Hələ ki, testlərdə vurduğumuz bir neçə dövrə ilə oradakı son yarışdan başqa müqayisə apara biləcəyimiz heç nə yoxdur. Hər ikisi də müxtəlif şəraitlərdə olub… Mən düşünürəm ki, gələn il bolidlər daha sürətli olacaq. Nə qədər sürətli? Biz bu suala ancaq təzə təkərləri növbəti mövsümün maşını ilə yoxlayarkən biləcəyik. Bu, mövsümöncəsi ilk testlərdə baş tutacaq. Bu barədə danışmaq üçün tezdir.
Sual: Colion, keçək sizə. Sizi Malayziyada ilk xalını qazanmanız münasibəti ilə təbrik edirəm. Yarışın çox hissəsini xal zonasında keçirdiniz. Bəs fərqli olan nə idi ki, siz xal qazana bildiniz?
Colion Palmer: Əvvəla, onu deməliyəm ki, həmişəkindən daha sürətli idim. Cümə günü biz gördük ki, yarış simulyasiyasında yaxşıyıq. Mən yarışa 19-cu yerdən başladım. Təkərlərimi yaxşı qorudum və cəmi bir dəfə pit-stop etdim. Yarışın sonuna qədər təkərlərə qənaət etməyə çalışdım. Düzdür, bir müddət Saynsın təzyiqlərinə məruz qaldım, amma yenə də təkərlərin resursu finişə çatmağa kifayət etdi.
Sual: Son 6 yarışın sıralanma turunda komanda yoldaşınızla aranızdakı hesab 3:3 olub. İndi nəyə qadir olduğunuzu göstərmək üçün şansa sahib olduğunuzu düşünürsünüz? Bir daha təkrar edirəm, son yarışda fərqli olan nə idi?
Colion Palmer: Mövsümün əvvəlinin mənim üçün kifayət qədər çətin olduğunu hiss edirdim. Lakin Monako Qran Prisindən sonra Kevinlə nəticələrimiz çox yaxın olub. Mən son 6 yarışı yox, son 10 yarışı nəzərdə tuturam – belə daha real nəticəni görmək olur. Aramızda fərq azdır. Sıralanma turunda güclü deyildik, lakin ondan əvvəl sərbəst yürüşlərdə kifayət qədər yaxşı işlədiyimi düşünürəm. Yarışda da yaxşı çıxış etdim. Hər ikimiz yaxşı idik. Mövsümün sonuna qədər belə nəticələr əldə edəcəyimizə əminəm.
Sual: Karlos, siz Sinqapurda sıralanma turunda yaxşı nəticə göstərdiniz, lakin startdakı insidentdən sonra geriyə düşdünüz və əlinizdə olan şansları itirdiniz. Mövsümün ikinci hissəsinə görə bir qədər məyusluq hiss edirsiniz?
Karlos Sayns: Yox, mən məyusluq sözündən istifadə etmirəm. Bu, bir qədər sərt səslənər. Belə görünür ki, Sinqapurda böyük bir şansı əldən verdik. Çünki yarışı ilk altılıqda başa vurmaq imkanımız var idi. Altıncı-yeddinci yerlər uğrunda McLaren və Haas pilotları ilə mübarizə aparacaqdıq. Lakin biz bu barədə uzun müddət düşünə bilmərik – yarışdan xeyli vaxt keçib. Malayziya yarışına gəldikdə isə, biz bilirdik ki, orada Sinqapurdakı qədər sürətli olmayacayıq. Biz hər yarışda maşının potensialından maksimum yararlanmağa çalışırıq. Maşının hər bir trasda fərqli nəticələr göstərdiyi məlumdur. Biz hər bir yarışı hansı yerdə başa vurduğumuza baxırıq.
Sual: Biz 2017-ci ilin maşınları barədə az-çox eşitmişik. Onların daha sürətli olacaqlarını deyirlər. Bəs siz gələn ilin maşınlarını sürməyin fiziki cəhətləri barədə nə deyə bilərsiniz? Elə son Malayziya yarışına baxsaq, sürücülər Sepanqda yarışmağın çox fiziki güc tələb etdiyini, çətin olduğunu bildirdilər. Bəs gələn il necə olacaq? Bunu nəzərə alaraq gələn il məşq proqramınızı və bir çox şeyi dəyişdirməyi düşünürsünüz?
Karlos Sayns: Bəli, düşünürəm ki, buna ehtiyacımız olacaq. Bu sirr deyil. Artıq Malayziya yarışında biz trasın rekorduna yaxın nəticə göstərdik. Trasdakı asfalt dəyişikliyinin də buna təsiri oldu və keçənilki nəticəni 3-4 saniyə üstələdik. Gələn il sürət daha da çox olacaq. Lakin mən hazıram. Mən daha çox məşq etməyə, daha sürətli maşınlara və daha çətin yarışlarda istedadlı sürücülərlə mübarizə aparmağa hazıram. Bunlar Formula1 üçün yaxşı şeylərdir.
Jurnalistlərin sualları
Sual (Manuel Franko – Diario AS): İlk sualım Fernandoya, ikincisi isə Karlosadır. Fernando, Ferrari barədə nə fikirdəsiniz? Çünki bir çox adam Ferrari-ni tərk edərək səhv etdiyinizi düşünür. Karlos, keçən il Suzukada yağışlı havada keçən birinci sərbəst yürüş sessiyasını lider tamamlamışdınız. Bu il də yağış yağması üçün dua edirsiniz?
Fernando Alonso: Səhv edib-etmədiyim barədə nəsə demək mümkün deyil. Onlar vəziyyəti bir qədər yaxşılaşdırıblar. Lakin mən 2 il əvvəl oranı tərk edərkən hansı fikirdə idimsə, indi də o fikirdəyəm. Təbii ki, onlar üçün hər şeyin ən yaxşısını arzulayıram. Ferrari hər zaman mənim qəlbimdədir. Ümid edirəm ki, onlar daha da inkişaf edərlər. Suala görə çox sağ olun. Uzun müddət idi ki, məndən Ferrari barədə heç nə soruşmurdular. Əsas da, keçənilki Malayziya Qran Prisindən sonra.
Karlos Sayns: Mənim Suzukada yaxşı xatirələrim var. İlk dəfə Yaponiyada, ilk dəfə bu trasda idim və ilk sessiyada yağış yağmışdı. Mən bilirəm ki, bolidimiz yağışlı havada daha yaxşıdır. Buna görə də yağsa, pis olmaz. Mən həmişə, xüsusilə də, son 5 yarışda yağışın yağmasını istəmişəm. Bizim yaxşı nəticələr əldə etməyə ehtiyacımız var. Dəyişkən hava şəraiti olsa, hər kəsi çox maraqlı yarış gözləyəcək.
Sual (Keyt Uolker – MotorSport.com): Fernandoya iki sualım olacaq: əvvəla, məni bir fikir məşğul edir – siz Honda-nın fəlsəfəsi və orada işləyənlərin mühəndislik qabiliyyətləri barədə nə düşünürsüz? İkinci sualım isə, Honda ilə işləmək Ferrari və Renault ilə işləməkdən nə ilə fərqlənir?
Fernando Alonso: Honda ilə işləmək mənim üçün ilk gündən maraqlı olub. Onlar yapon adət-ənənəsini və mədəniyyətini yarış fəlsəfələrinə də daxil ediblər. Onlar öz proqramlarını bəzən biz sürücülər və fanatlar üçün uyğunlaşdırırlar. Lakin bəzən məyusluq da olur. Çünki biz hər şeyin bu gün və ya sabah düzəlməsini istəyirik. Amma bura Formula1-dir və sehirli çubuq heç kimdə yoxdur. Maksimum çalışırlar, ehtiyaclarının olduğu yeganə şey zamandır və mən şadam ki, bu layihənin bir parçasıyam. Honda-da ancaq yaponlar işləyir və bu, onların missiyasıdır. Digər böyük zavodlarla müqayisədə deyə bilərəm ki, burada da işə eyni diqqət göstərilir, eyni dərəcədə ciddi yanaşılır.
Sual (Luka Domenioz – Le Matin): Lyuis, siz Sepanqdakı yarışdan sonra dediniz ki, qələbə qazanmağımın qarşısı alındı, yuxarıda qalib gəlməyimi istəmədilər. Mənə maraqlıdır ki, sizin dinə mövqeyiniz necədir?
Lyuis Həmilton: Mənim mövqeyim dəyişilməyib. Mən dedim ki, yuxarıda mənim qalib gəlməyimi istəmədilər. Bu barədə İnstagram hesabımda yazmışam və o mövzuya qayıtmaq istəmirəm.
Sual (Dən Natson – Auto Action and Speedsport): Kimi, dediniz ki, indi olduğunuz mövqedən razı deyilsiniz. Hazırda çempionatda dördüncüsüz. İlk sualım belədir: sizin üçün üçüncü, dördüncü və ya beşinci olmağın fərqi var? İkinci sualım isə belədir: mövsümü komanda yoldaşınızdan irəlidə tamamlamağın sizin üçün fərqi var?
Kimi Rəykkönen: Təbii ki, fərqi yoxdur. Biz burada qalib gəlmək üçün yarışırıq. Ferrari-də hamı qalib gəlmək üçün çalışır. İkinci olmaq üçüncü olmaqdan daha yaxşıdır, amma üçüncülük də dəhşətli nəticə deyil. Mən yenə deyirəm, biz yenə ön sıralara qayıdacayıq. Bunun üçün bizə bir qədər şans da lazım olacaq. Bunun üçün zaman da lazımdır. Son illərlə müqayisədə daha yaxşı yerdəyik, lakin istədiyimiz bu deyil.
Sual (Dən Natson – Auto Action and Speedsport): Lyuis, hazırda məbuat konfransında baxdığınız şeyi bizimlə paylaşa bilərsiniz?
Lyuis Həmilton: Hmm… İndi yox. Snapchat-dan pilotlara aid bəzi videolara baxıram və çox gülməlidirlər. Bundan ibarətdir, başqa şeyə baxmıram. Snapchat-da çoxdandır ki, varam və bunu ilk dəfə etmirəm.
Sual (Fil Dunkan – PA): Lyuis, dünən gecə Facebook-dakı rəsmi səhifənizdə komandanız barədə bir-sıra məlumatlar paylaşmısınız. Niyə belə bir qərara gəldiniz?
Lyuis Həmilton: Biz bunu çoxdan planlaşdırmışdıq. Bir neçə həftə idi ki, bu barədə düşünürdük. Bunu etməyə uyğun vaxt olduğunu düşündüm.
Sual (Daniel Conson – The Telegraph): Lyuis, Sepanqdakı hadisədən sonra sizin azarkeşləriniz bunu komandanın qəsdən etdiyini, Nikonun çempion olmasını istədiklərini deyirdi. Onlara bu barədə nə deyə bilərsiz?
Lyuis Həmilton: Hamı kimi azarkeşlərim də öz fikirlərini səsləndirməkdə sərbəstdirlər. İnstagram hesabımda şəkillərimə baxan hər kəs mənim fikirlərimi öyrənə, komandama necə bağlı olduğumu görə bilər.