F-1.az xatırladır ki, AlphaTauri keçən il çox zəif təsir bağışlamış və mövsümü doqquzuncu yerdə bitirmişdi.
Yuki Tsunoda: “Bəhreyndəki testlərdə problem yaşamadıq və bolid haqqında çoxlu məlumat topladıq. Bolidin limitlərini, müsbət və mənfi tərəflərini tapdıq. Bunların hamısı mövsümün ilk yarışında bizə kömək edəcək.
Keçən illə müqayisədə təkmilləşdirdiyimiz nöqtələr var, ancaq bəzi sahələr üzərində işləməliyik.
Testlər yaxşı keçdi və ən çox məsafəni biz qət etdik. Həm yarış, həm də sıralanma turunda işlədik və bolid etibarlı görünürdü. Etibarsızlıq problemi keçən il çox başımızı ağrıtmışdı. Buna görə də inkişafdan razıyam. İndi isə bu tempi qorumalıyıq.
Keçən il bolid sürətıi döngələrdə asfaltayatma qüvvəsi istehsal edə bilmirdi. Buna görə maşın sürüşürdü və təkərlər yeyilirdi. Bu yöndə irəliyə doğru addım atmışıq.
Bu il əsas məqsədim stabil olmaqdır və bazar günü yaxşı performans göstərməkdir. Həmişə maksimum performans göstərəcəm”.