F-1.az xatırladır ki, Ferrari komandası 2016-cı ildə qələbə qazanmadığı üçün 2017-ci il mövsümü üçün favoritlər arasında göstərilmirdi. Amma italyanlar mövsümöncəsi qış testlərində güclü təsir bağışlaya bilmişdilər.
Buna baxmayaraq, bəzi mütəxəssislər qış testlərində Mercedes və Red Bull komandalarının tam güclə işləmədiklərini, Avstraliyada Ferrari-nin geriyə düşə biləcəyini demişdilər. Lakin “qırmızılar” mövsümün ilk yarışı Avstraliyada Fettellə mükəmməl performans göstərərək yarışda qalib gəlmiş və tənqidçiləri susdurmuşdular.
Yarno Trulli də mövsüm başlamamışdan əvvəl Ferrari komandasının uğur qazana biləcəyinə inanmayıbmış: “Bəzi şübhələrim var idi. Düşünürdüm ki, Mercedes qış testlərində əsl gücünü göstərmir. Avstraliya yarışı çox vacib idi və Ferrari güclü performans göstərdi. Ferrari-nin yenidən yarış qazanması təkcə tiffoziləri yox, bütün Formula1 dünyasını həyəcanlandırdı. Bu il çempionat gərgin olacaq”.
Trulli Avstraliyada Sauber komandası ilə debüt edən həmyerlisi Antonio Covinatsiyə də təriflər yağdırıb: “Antonio Avstraliyada əla iş gördü. Mükəmməl performans deyildi, amma birdən-birə Formula1-də yarışacağını dedilər və buna hazır deyildi. Buna baxmayaraq, karyerasının ilk sıralanma turunda təcrübəli komanda yoldaşı Erikssondan cəmi 0.1 saniyə geridə qaldı və karyerasına uğurlu formada başlanğıc etdi. Yarışda da səhv etmədi və təcrübəli sürücülər kimi çıxış etdi. Məncə, 12-ci yer onun üçün yaxşıdır. Ümidverici başlanğıc idi. Ümid edirəm ki, bütün mövsümü yarışar”.