Hazırda Formula1-in ən istedadlı sürücülərindən biri kimi qəbul edilən Maks Ferstappen xüsusi ilə də, son yarışlardakı çıxışı ilə bütün diqqətləri cəlb edir. F-1.az bildirir ki, o, Red Bull-a keçdikdən sonra çıxdığı 6 yarışda 77 xalla Həmiltondan sonra ən çox xal qazanan sürücüdür. Bu dövrdə Lyuis Həmilton 110, Niko Rosberq 68, Sebastyan Fettel 65, Maksın komanda yoldaşı Daniel Rikkardo isə 64 xal toplayıb.
Hələ 18 yaşı olan Maks ailəsi ilə yaşayır və atasının nəzarətindədir. Blick-ə danışan ata Ferstappen deyib: “Əgər Maks böyük bir şey almaq istəyirsə, bunun üçün ailəsi olaraq, biz icazə verməliyik. Məsələn, yeni maşın almaq istədikdə məsləhətləşməlidir. O, indi Porsche 911 GT3 RS modelini istəyir. Almasına icazə vermişəm. Amma hər kəsin istifadə etdiyi yollarda sürərkən diqqətli olacaq”.
Qeyd edək ki, gənc sürücünün almaq istədiyi maşının qiyməti 181 min avrodan başlayır. Maşının motoru 500 at qüvvəsi hasil edir.