F-1.az xəbər verir ki, keçən həftəsonu olduğu kimi bu dəfə yenə Pramac-dan Xorxe Martin rəqiblərini qabaqlayıb – Ducati-nin törəmə komandasının ispaniyalı sürücüsü Sepanqda hamıdan bir baş üstün olub. Mövsümdə 4-cü pouluna sevinən Xorxe sabah mövsümdə ilk qələbəsini qazanmağa çalışacaq.
Ducati-nin digər törəmə komandası Gresini-nin sürücüsü Enea Bastyanini ikinci nəticə göstərib. Titula namizəd olan italiyalı sürücü ən yaxşı cəhdində Xorxeyə yarım saniyə uduzub.
İlk cərgəni isə formasını bərpa edən Mark Markes tamamlayıb – Honda-nın 6 qat dünya çempionu yenə də rəqiblərin slip strimindən faydalanıb.
Titula namizəd olan digər sürücülər üçün sessiya elə də uğurlu keçməyib. Mövsümün lideri Ducati-nin zavod komandasının sürücüsü Françesko Banyaya ilk sessiyada mübarizə aparmalı olub. Daha sonra 2-ci sessiyada son cəhdində italiyalı sürücü yıxılıb və ilk cəhdi yalnız 9-cu yerə kifayət edib.
Sonuncu dünya çempionu Yamaha-dan Fabio Kuartararo qurumaqda olan trasda temp tapa bilməyib və yalnız 12-ci nəticəni göstərə bilib. Sabahkı yarışda Aprilia-dan Aleş Esparqaro da 4-cü cərgədən – 10-cu yerdən start almalı olacaq.
İstənilən halda, liderlərin, titula namizədlərin arxa yerlərdən irəliləməsi maraqlı olacaq. Yarış isə sabah Bakı vaxtı ilə saat 11:00-da başlayacaq…