F-1.az xatırladır ki, Lorensonun Ducati-yə keçidi gözlənilən idi. Nəhayət ki, Xeresdəki İspaniya QP-dən əvvəl gözlənilən açıqlama gəlib.
İspaniyalı sürücü Ducati ilə ikiillik müqavilə bağlayıb və gələn ildən italyanların şərəfini qoruyacaq. Beləliklə, Lorenso Yamahadan 8 ildən sonra ayrılacaq. Xatırladaq ki, Lorenso 2008-ci ildən etibarən, yəni MotoGP-də yarışmağa başlayandan Yamaha-nın şərəfini qoruyurdu.
İspaniyalı sürücü Yamaha komandasına son 3 Dünya Çempionu titullarını qazandırmışdı. 28 yaşlı sürücü Yamaha-da hələlik 138 yarış keçirib və aktivinə 41 qələbə, 99 podium, 36 poul və 27 dəfə ən sürətli dövrə yazdırıb.
Bu statistikalar Lorensonu Yamaha tarixinin ən uğurlu sürücülərindən biri edib.
Lorenso Ducati-yə transfer olduqdan sonra Valentino Rossinin yanındakı boks boş qalacaq. O boşluğu isə böyük ehtimalla Suzuki-nin gənc sürücüsü Maverik Vinyales dolduracaq.
Xorxe Lorensonun Ducati-dəki komanda yoldaşı hələ bilinmir. Ducati iki Andreadan birini – ya Dovitsiozonu, ya da Yannoneni seçəcək.
İspaniyalı sürücü bir neçə gün əvvəl bildirmişdi ki, Yamaha ona çox yaxşı müqavilə təklif edib, amma hamı bilir ki, Lorenso Yamaha-da Rossi ilə yola getmir.
Bu vəziyyət aşağı kateqoriyalarda Lorenso ilə işləmiş, hazırda Ducati komandasının rəhbəri olan Cici Dalinyanın Lorensonu razı salmağına kömək edib.
Ducati-nin son illərdəki inkişafı, Dallinyanın danışıqlarda inandırmaq bacarığı və illik 10 milyon avro Lorensonun müsbət qərar verməsinə kömək edib…