Quru. Günəşli. Havanın temperaturu +5°-14° C, trasın temperaturu +4°-23° C
Bir çox komandalarda bu gün heyət dəyişikliyi olub. Felipe Massa Williams-da debüt edib, Kevin Maqnussen nahardan sonra Censon Battonu əvəz edib – komanda testlərin ilk gününü itirdiyi üçün bu günü sürücüləri arasında bərabər bölüb. Caterham komandasının ehtiyat sürücüsü Robin Fryayns yeni maşını yoxlayıb, Niko Hülkenberq Force İndia-da Serxio Peresi əvəzləyib. Fernando Alonso isə Kimi Rəykkönenin başladığı işi davam etdirib – yerli azarkeşlər həmvətənlilərini dəstəkləmək üçün tribunaları doldurmuşdular…
Bu gün komandaların bir çoxları standart prosedurlardan real işə keçiblər – maşınlar uzun məsafədə yoxlanmağa başlanıb, amma Renault-nun müştəriləri hələ də problemlərdən azad ola bilməyiblər. Yalnız Toro Rosso komandası nisbətən çox məsafə qət edə bilib, Red Bull komandası yenə də günü vaxtından əvvəl başa vurub – Sebastyan Fetteli əvəz etmiş Daniel Rikkardo cəmi 3 dövrə vurub. Nəticədə çempion komanda 3 günə vurduğu dövrələrin sayını 14-ə çatdıra bilib.
Bu gün testlərin başa çatmasına 2 saat qalmış Red Bull komandası işlərini yekunlaşdırmaq qərarı qəbul edib, Kristian Horner və Ədrian Nyui isə avtodromu tərk ediblər, komandanın texniki koordinatoru Əndi Damerun isə bildirib ki, problemləri tam həll etmək mümkün olmayıb.
Mercedes və Ferrari müştəriləri də müəyyən problemlərlə üzləşiblər, amma onlar tədricən aerodinamik elementlərin yoxlanmasına keçiblər. Maşınlar trasa təzyiqölçən cihazlarla və yaşıl aerodinamik boya ilə çıxıblar – mühəndislər Bəhreyn testləri üçün vacib olan məlumat toplayıblar.
Sessiya bir neçə dəfə qırmızı bayraqlarla dayandırılıb. Səhər Alonso trasda dayanıb, sonra Rikkardonun maşını tüstülənib, günorta Niko Hülkenberqin maşını sessiyanı saxlayıb, axşam isə Adrian Sutil qəzaya uğrayıb – Toro Rosso-nun problemləri üzündən testlər daha iki dəfə qırmızı bayraqlarla kəsilib.
Bu Marussia komandası da yeni maşını ilə debüt edib – yeni maşın Xeresə dünən gətirilib, bütün gecəni və bu günün böyük bir hissəsini mexaniklər çalışıblar, axşama yaxın isə Maks Çilton boksu tərk edib, amma sadəcə bir neçə dövrə ilə kifayətlənib.
Ən böyük məsafəni McLaren komandası qət edib – Batton və Maqnussen birlikdə 92 dövrə vurublar, protokollara isə debütant Kevin başçılıq edib. Sabah Xeres testləri başa çatacaq…
Nəticələr belə olub:
Yer | Pilot | Komanda | Motor | Vaxt | Fərq | Dövrə |
01 | K.Maqnussen | McLaren | Mercedes | 1:23.276 | – | 52 |
02 | F.Massa | Williams | Mercedes | 1:23.700 | + 0:00.424 | 47 |
03 | L.Həmilton | Mercedes AMG | Mercedes | 1:23.952 | + 0:00.676 | 62 |
04 | C.Batton | McLaren | Mercedes | 1:25.030 | + 0:01.754 | 40 |
05 | F.Alonso | Ferrari | Ferrari | 1:25.495 | + 0:02.219 | 58 |
06 | N.Hülkenberq | Force İndia | Mercedes | 1:26.096 | + 0:02.820 | 17 |
07 | J.E.Vern | Toro Rosso | Renault | 1:29.915 | + 0:06.639 | 30 |
08 | A.Sutil | Sauber | Ferrari | 1:30.161 | + 0:06.885 | 34 |
09 | R.Fryayns | Caterham | Renault | – | – | 10 |
10 | D.Rikkardo | Red Bull | Renault | – | – | 5 |
11 | M.Çilton | Marussia | Ferrari | – | – | 3 |