F-1.az xatırladır ki, kolumbiyalı sürücü 2000-ci ildə İndyCar-da qalib olduqdan sonra 2001-ci ildə Williams komandası ilə Formula1-də debüt etmiş və dövrün ən güclü sürücüsü olan Mixael Şumaxerə əsl başağrısı olmuşdu. Lakin Montoya 2005-ci ildə McLaren-ə keçmiş, amma burada komanda yoldaşı Kimi Rəykkönenin kölgəsində qalmışdı. Xuan 2006-cı ilin iyul ayında isə McLaren-lə yollarını ayıraraq NASCAR-ə getmişdi.
Xuan Pablo Montoya: “Özbaşıma getmədim! Məndən getməyimi istədilər. Sözün düzü 2007-ci ildə necə olacağımı bilmirdim. Qarşıma NASCAR alternativi gəldi və beşillik müqavilə təklif edirdilər. Mən isə öz-özümə “niyə də yox?” dedim. ABŞ-da yaşamaq istəyirdim və ora köçəcəkdim. NASCAR-da sürücülər 45 yaşına qədər yarışırlar. Belə olan halda karyeramı uzada bilərdim. Amma bu qərarı verəndə Formula1-də mövsümü bitirməyi planlaşdırırdım. Ancaq Ron Dennis buna razı olmadı və ağlımın başqa yerdə olduğunu səbəb göstərərək, müqaviləmi ləğv etdi.
McLaren-i və Formula1-i düzgün zamanda tərk etmədim. Bir il də qalsam, böyük ehtimalla Dünya Çempionu olardım. McLaren-də qalmaq istəmirdim. Bilirdim güclənəcəklər, ancaq orada yarışmaq istəmirdim. Gedəndə 32 yaşım var idi, ancaq hamı 35-36 yaşına qədər yarışır.
McLaren bolidini sürmək çətin idi. Ancaq bunu mətbuata açıqlaya bilməzdim. Onların bolidlərinə nifrət edirdim. Sürə bilmirdim. McLaren-i ilk dəfə sürəndə bir dövrə vurdum və boksa qayıtdım uşaqlara dedim ki, boliddə problem var. Mexaniklər bir saat ərzində hər şeyi yoxladılar və problem olmadığını dedilər. Bu, bolidin normal halı idi. Əgər o boliddə Williams qədər balans olsaydı, yarışlarda iki dövrə fərqlə qalib gələrdim. McLaren bir saniyə sürətli olsa da, Williams ilə ən zəif performansımı göstərirmiş kimi hiss edirdim. Bu iyrənc maşınla biz yarışlar qazanırdıq.
Bu vəziyyəti həmişə gizli saxladım. Bunu mətbuatda açıqlamaq komandaya qarşı hörmətsizlik olardı. Bu barədə mühəndislərə deyə bilərdim, ancaq mətbuata yox”.