F-1.az xatırladır ki, ispaniyalı sürücü Almaniyada finiş xəttinə qədər Banyaya ilə mübarizə apararaq, yarışı qazanıb. Xorxe beləliklə 2021-ci ilin Ştriya yarışından sonra ilk dəfə qələbə əldə edib və bu onun karyerasındakı ikinci qələbədir. O, Almaniyada həm də sprint yarışını qazanıb.
Xorxe son iki mövsümdə qeyri-stabil çıxışları ilə yadda qalıb. O, gah yaxşı çıxış edib, gah da qəza edərək, mübarizəni dayandırıb.
Xorxe Martin: “Burada qazanmaq çox emosional oldu. Keçən il rəqabətədavamlı olmaq üçün çox mübarizə apardım və əsəbpozucu hal idi. Amma bu mövsüm geri qayıtdıq və demək olar ki, hər trasda güclüyəm. Bir neçə dəfə podiuma çıxdım və qələbəni əldən verdim. İndi isə axır ki, zirvədəyəm.
Yarış çətin keçdi. Pekko özünü çox təkmilləşdirmişdi. Şənbə günündən sonra böyük addımlar atmışdı. Hələ qızdırma dövrəsindən güclü olacağı məlum idi. Mən də şənbə günü etdiyimi təkrarlamağa və tez fərq açmağa çalışdım. Amma arxa təkərə çox yüklənirdim və öz-özünəmə dedim ki, təkərlər yeyilsə, nə edəcən?
Məni keçəndən sonra strategiyanı dəyişdim, çünki düşündüm ki, təkər qoruyub. Tez qarşılıq vermək istədim. Məni gərginlikdə saxlayırdı və belə olan halda diqqətimi qorumaq asan deyildi”.
Qeyd edək ki, Almaniyada ümumilikdə 37 xal qazanan Xorxe MArtin turnir cədvəlində ikinci yerə yüksəlib. İspaniyalı sürücü hazırda lider Françesko Banyayadan 16 xal geridə qalır.