F-1.az xatırladır ki, Yamaha komandası 2015-ci ildə 18 yarışdan 11-ində qələbə qazanıb. Çempionluq mübarizəsi də bu komandanın sürücüləri – Xorxe Lorenso və Valentino Rossi arasında gedib. Valentino Rossi bütün çempionat ərzində turnir cədvəlində lider olsa da, son yarışda çempionluq mübarizəsində Xorxe Lorensoya məğlub olub.
Xorxe Lorenso yeni mövsümlə bağlı suallara cavab verib. İspaniyalı sürücü bu il də Rossi ilə çempionluq mübarizəsinə girmək istədiyini deyib: “Ümidvaram ki, bu il də Rossi ilə çempionluq mübarizəsi apararam. Çünki bu, bizim rəqiblərdən güclü olduğumuzu göstərir. Mübarizə ikimiz arasında getsə, ya mən, ya da Rossi Dünya Çempionu olacaq.
Ümumi götürsək, motosikletimiz yaxşıdır. Amma yeni mövsümdə həm elektronik tənzimlənmələri, həm də təkər təchizatçısı dəyişib. Bu da çox şeyi dəyişdirib və bizə problem yarada bilər.
Belə dəyişikliklər motosiklet üzərində oturma tərzinizi də dəyişdirir və motosikleti başqa cür hiss edirsiniz”.
Lorenso bildirib ki, yeni mövsümlə bağlı qaranlıq məqamlara gələn həftə keçiriləcək testlərdə aydınlıq gələcək: “Hazırda kimin daha güclü olduğunu deyə bilmərik, çünki yeni mövsümlə bağlı yegənə testimizi Valensiya yarışından sonra etmişdik. Ona görə də yeni sistemləri və təkərləri test edə bilmədik.
Zavod komandaları bu müddət ərzində motosikletlərini təkmilləşdirə bilərlər.
Yaxın müddət ərzində bütün dəyişiklikləri görəcəyik. Hazırkı vəziyyətdə kimin daha güclü olduğunu deyə bilmərəm”.