F-1.az xatırladır ki, Formula1-in ən titullu ikinci komandası 2018, 2019 və 2020-ci illərdə turnir cədvəlinin zirzəmisində olsalar da, keçən il Belçikada Corc Rassell ilə podium qazanıblar. Ümumilikdə isə komanda 2020-ci ildə Dorilton Capital şirkətinə satıldıqdan sonra komanda çox güclənib. Britaniya təmsilçisi yeni reqlamentə də nəyi var hazırlanıb.
Komanda yeni bolidə FW44 adını verib və 2022-ci il üçün tamamilə yeni rəng çalarına keçib. Artıq komandanın rəng çaları tünd göy, mavi və qırmızı rənglərdən ibarət olacaq. Bundan başqa bolid daha çox konsepti xatırlatdığı üçün əksəriyyət güman edir ki, bu təqdimat rəng çalarının təqdimatı idi. Yeni mövsümdə komandanın sürücüləri Nikolas Latifi və Aleks Elbon olacaq.
Nikolas Latifi: “Yeni rəng çalarına heyran oldum. Mavini qorumaq lazım idi, çünki bu Williams-ın simvollarındandır. Lakin daha əvvəl belə dizayn görməmişdik. Əminəm ki, qırmızı rəng trasda daha gözəl görünəcək. Bu, Formula1-in yeni dövründə canlı rəng çalarıdır”.
Aleks Elbon: “FW44-ün rəng çaları parlaq və bəsitdir. Çox gözəl görünür və onu trasda görmək üçün səbirsizlənirəm”.