F-1.az xatırladır ki, britaniyalılar üçün əsas namizədlər Felipe Massa, Pol di Resta, Robert Kubitsa, Paskal Verlyayn və Daniil Kvyat idi.
Amma Massa bu həftə Formula1 karyerasını bitirdiyini açıqlayıb. Son çıxan dedi-qodulara əsasən isə, Williams komandası testlərdən sonra Pol di Restanı da 2018-ci il namizədləri arasından çıxarıb. Şotlandiyalı sürücü gələn il
Williams komandasının test sürücüsü qalacaq. Braziliya mətbuatı xəbər verir ki, siyahıda Kubitsa, Verlyayn və Kvyat qalıb. Amma hazırda ən əsas namizəd Paskal Verlyayndır.
Bilindiyi kimi, Williams komandası Mercedes mühərriklərindən istifadə edir və əgər almanlar mühərrik qiymətlərində endirim etsələr, Verlyayn gələn il britaniyalıların heyətində çıxış edə bilər.
Kvyatın sponsoru çox olduğu üçün ön plana çıxır. Kubitsanın gələcəyi ilə bağlı sual işarələri var. Williams komandası Əbu Dabi yarışından sonra polşalı sürücü ilə test edərək, son qərar verməyi planlaşdırır.