F-1.az xatırladır ki, Syuzi Volff 2015-ci il mövsümünün sonunda təqaüdə çıxıb. Komandanın ehtiyat pilotu Adrian Sutil isə komandadan ayrılıb. Williams komandası yeni test pilotu axtarırdı. Britaniyalılar uzun axtarışdan sonra seçimi Qəri Paffetin üzərində saxlayıblar.
Xatırladaq ki, Qəri Paffet 2005-ci ildə DTM seriyası üzrə Dünya Çempionu titulunu qazanıb və 2006-ci ildən 2014-cü ilə qədər McLaren-də test sürücü olub.
Britaniyalı sürücü yeni komandasında simulyator üzərində işləyəcək. Paffet bu haqda fikirlərini bildirib: “Williams komandasında simulyator pilotu olduğum üçün çox xoşbəxtəm. Çalışacağam ki, builki bolidi inkişaf etdirim”.
Williams komandasının rəhbəri Kler Uilyams Paffetin keçidi barədə təəssüratlarını bildirib: “Onun komandamıza qoşulmasına görə çox xoşbəxtəm. O çox təcrübəlidir və təcrübəsi ilə bizə kömək edəcək.
Paffet peşəkar sürücüdür və çox savadlıdır. O test zamanı aldığı məlumatları analiz edərək, FW38-in inkişaf etməsinə kömək edəcək”.
Qeyd edək ki, Mercedes-in DTM komandası 2016-cı il mövsümü üçün pilot heyətini hələ təqdim etməyib. Namizədlər arasında Qəri Paffet də var.