Silverstounda mətbuat konfransında Williams komandasının icraçı direktoru Adam Parr jurnalistlərə bildirib ki, əgər alternativ çempionat təşkil olunarsa, onun komandası yeni çempionata qoşulmayacaq…
Adam Parr: “Williams – Formula1-in komandasıdır və bununla hər şey deyilib. Biz avtoistehsalçıların töhvəsini, onların statusunu və fantastik etibarlı motorlarını yüksək qiymətləndiririk, Frənk Uilyams da onlardan çox razıdır. Uzun illər boyu onlar bizim yaxşı dostlarımız olublar və indi barrikadanın o biri tərəfində dayanmaq bizə xoş deyil, amma bizim Maks və Berni ilə müqavilələrimiz var, ona görə də biz gələn ilin çempionatında iştirak üçün ərizə vermişik.
Məni təccübləndirən odur ki, Ross Braun şəxsi komandasına digər çempionatda necə sponsor tapacaq, məsələn, bizim belə bir imkanımız yoxdur. Biz avtoistehsalçılar və Red Bull komandaları ilə rəqabət aparmaq üçün vəsait toplaya bilmərik. Bizim FİA və FOM-la qarşılıqlı öhdəliklərimiz var, biz bu öhdəliklərə əməl etmək fikrindəyik.”