Bu gün səhər, mövsümöncəsi testlərin ilk günü Williams komandası yeni maşınını təqdim edib. Təqdimat çox sadə alınıb – yeni FW34-ü boksdan çıxarıblar, qısa fotosessiya baş tutub, jurnalistlərə əvvəldən hazırlanmış mətbuat relizləri paylanıb və maşın trasa göndərilib.
Komanda yeni mövsümə bir çox yeniliklərlə başlayır. Keçən il komandada ciddi restruktur işləri görülüb, yeni maşını Mayk Koflən və Mark Gillanın başçılıq etdiyi mühədnis və kosntruktorlar kollektivi hazırlayıb, FW34-ə komanda ciddi ümidlər bəsləyir.
Frənk Uilyams, komandanın başçısı: “Demək olar ki, bu gün Williams yeni starta hazırlaşır. Bizim yeni maşınımız, yeni motorumuz var – elə rəhbərlikdə də yeni adamlar az deyil.
Son aylar komandaya yeni tərəfdaşlar qoşulub. Mən fürsətdən istifadə edib onların hamısını salamlayıram, əminəm ki, Williams əməkdaşlıq onlar üçün sərfəli və məhsuldar olacaq. Komanda qışda Qrouvdakı bazasında yaxşı işləyib, biz hiss edirik ki, biz mübarizəyə başlamağa hazırıq.”
Williams-ın ənənəvi rəng çalarları dəyişməyib, maşında tünd mavi və ağ rənglər üstünlük təşkil edir. Burun elementində mövsümə xas olan “pillə” gözə dəyir, FW34-ün arxa hissəsi isə çox kompakt alınıb, miniatür ötürmələr qutusu buna imkan verib.
Mark Gillan, baş mühəndis: “Biz yeni mövsümün startına hazırlaşırıq, mən səbirsizliklə FW34-ün starta çıxmasını gözləyirəm. Qışda bütün kollektiv gərgin çalışıb, ümid edirik ki, yeni maşın yüksək səviyyəyə uyğun hazırlanıb.
Biz tərəfdaşlarımızla sıx əməkdaşlıq etmişik, o cümlədən, Renault Sport-dan olan motor ustaları ilə. Avstraliya Qran Prisinə qədər qalan vaxt ərzində biz FW34-ün potensialını açmağa çalışacayıq.”
Komanda Rubens Barrikello ilə müqaviləsini uzatmaqdan imtina edib, bu mövsümdə Pastor Maldonadonun komanda yoldaşı Bruno Senna olacaq – hər iki sürücü qarşıdakı mövsümdən nikbinliklə danışıb…
Pastor Maldonado: “Mən bizim yeni maşına və Renault motorlarına inanıram və qarşıdakı mövsümə böyük ümidlər bəsləyirəm. FW34-ü birinci yarışdan son yarışa qədər təkmilləşdirmək çox vacibdir, mənim artıq birillik təcrübəm var və mühəndislərə tam kömək etməyə hazıram. Komanda ciddi yenilənib, ümid edirəm ki, mövsümü yaxşı nəticələrlə başa vuracayıq.”
Bruno Senna: “Mən Williams-ın sükanı arxasında yeni mövsümə ruh yüksəkliyi ilə başlayıram. karyeramda birinci dəfə mövsümöncəsi testlərdə iştirak edəcəm.
Hər şey yaxşıdır, komanda ilə birlikdə yeni maşın üzərində mövsümün gedişində işləmək lazımdır. Ümid edirəm ki, testlərimiz məhsuldar olacaq və biz Melburna yaxşı formada çatacayıq.”