Almaniyanın Auto Motor und Sport dərgisi İspaniya Qran Prisinin finişindən sonra Williams komandasının bokslarında baş vermiş yanğının səbəbini statik cərəyanda görür – cərəyandan qığılcım mexanik Bruno Sennanın maşınının çənində qalmış yanacağı başqa bir çənə köçürərkən baş verib. Düzdür, yanğının rəsmi səbəbi hələ də açıqlanmayıb, amma Williams-ın həmsahibi Toto Volff jurnalistlərin ehtimalını istisna etməyib…
Toto Volff: “Biz də hesab edirik ki, statk cərəyandan qığılcım ayrıla bilərdi. Müəyyən şəraitdə yanacağı buxarı alışa bilir, amma adətən yanacaq hermetik bağlı çənlərdə olur. Bundan başqa, hava da öz rolunu oynaya bilərdi. Həmin gün Barselonada atmosfer təzyiqi çox aşağı idi.”
Volff təsdiq edib ki, yanacağı köçürən mexanik əllərini və ayaqlarını ciddi yandırıb, amma onun həyatına təhlükə yoxdur.
Auto Motor und Sport britaniyalı komandanın yanğın nəticəsində zərərini də araşdırıb. Williams-ın bir neçə noutbuku yanıb, amma bütün məlumatları bərpa etmək mümkün olub. Əsas odur ki, Yanğın nəticəsind Brunonun şassisinə zərər dəyməyib.
Toto Volff: “Boksun arxa divarı yanğını önə keçməyə qoymayıb. Ona görə də boksların əsas hissəsi qorunub. Plastmas divarlar isə yüksək temperaturda sadəcə əriyib, amma yanmayıb.”
Qeyd edək ki, komandanın bütün əmlakı sığorta olunduğu üçün komandaya maliyyə ziyanı dəyməyib…