Visser tarixin sonuncu yarışında qələbə qazanıb

Bu gün Sinqapurda W Series çempionatında mövsümün sonuncu yarışı baş tutub - əslində çempionatın təqvimində Ostin və Mexiko yarışları da nəzərdə tutulub, amma ciddi maliyyə çətinlikləri mövsümü vaxtından əvvəl bağlamağa səbəb olub.

Bəziləri isə nəinki mövsümün, hətta çempionatın artıq başa çatdığını deyirlər – düzdür, seriyanın təşkilatçıları daha yaxşı ssenariyə ümid edirlər, amma hələlik vəziyyət belədir.

F-1.az xəbər verir ki, Sinqapur yarışı qurumaqda olan trasda başlayıb. Pouldan start alan Marta Qarsia ilk döngəyədək Beytske Visserin arxasına düşüb. Bundan sonra Əlis Pauellin təzyiqi altına düşən Marta 5-ci dövrədə britaniyalı sürücünü də irəli buraxmalı olub.

Bundan sonra mübarizə stabilləşib. Yalnız artıq seriyanın baş tutan bütün 3 mövsümünün qalibi Ceymi Çədvikin səhvi son yarışı vaxtından əvvəl başa vurması ilə nəticələnib.

Son dövrələrdə Pauellin hücumları nəticəsiz qalıb və Visser karyerasında 2-ci qələbəsinə sevinib. Niderlandlı sürücü bu qələbəsi sayəsində çempionatı debüt ilində olduğu kimi, 2-ci yerdə başa vurub.

Qeyd edək ki, Ceymi Çədvik 3 il ərzində ilk dəfə qəzaya düşərək finiş görməyib.

Çempionat və ya seriya davam edəcəkmi? Tezliklə bu suala cavab veriləcək…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*