Vesti Monakoda poula sevinib

Bu gün Monakoda gənc sürücülərin Formula 2 çempionatında mövsümün 5-ci mərhələsi çərçivəsində sıralanma turu baş tutub.

F-1.az xəbər verir ki, gənc sürücülərin trasda mübarizə azadlığını təmin etmək məqsədilə qısa trasda F3-də olduğu kimi sıralanma turu 2 qrupda keçirilib. F3-dən fərqli olaraq F2-də sürücülər nömrə seçimində azad olduqları üçün bölgü daha sadə prinsiplə aparılıb – komandaların güclü sürücüləri B qrupa, ikinci sürücüləri isə A qrupuna düşüblər.

Hər iki qrupda mübarizə sıx olub. A qrupunda ART GP-nin fransalı sürücüsü Viktor Marten dərhal poul iddialarını bildirib. Sürücülər ardıcıl dövrələr seriyasında olduqları üçün sürətlər daim artıb. Yekun protokolda Maten 1-ci sətri tutub, Virtuosi-dən Cək Duhən 2-ci, VAR komandasından Riçard Fershor 3-cü nəticə göstəriblər.

Qeyd edək ki, Şarl Leklerin balaca qardaşı Artur doğma meydanda böyük qardaşından geri qalmayıb – düzdür, poul qazanmasa da yerli sürücü son döngədə baryerlərə çırpılması ilə qardaşının layiqli davamçısı olduğunu sübut edib ))

B qrupunda daha güclü sürücülərin mübarizəsi maraqlı alınıb. Protokolların ilk sətrində sürücülər bir-birini əvəz ediblər, amma hər dövrənin sonunda ART GP komandasının sürücüsü Teo Purşer liderliyi ələ keçirib. Amma son dövrələrdə Prema-dan Frederik Vesti hər cəhdində yüksəlməyə başlayıb və son cəhdində fransalı sürücünü cəmi 0.052 saniyə qabaqlaya bilib. Carlin-dən Zeyn Məloni isə ilk üçlüyü tamamlayıb.

Yekunda Vestinin nəticəsi Martenin nəticəsindən yaxşı olduğu üçün Mercedes Akademiyasının danimarkalı sürücüsü mövsümdə ilk poulunu rəsmiləşdirib. Ötmələrin çətin olduğu bir trasda bu uğurdan sonra bazar günü axşam Vesti çempionatda liderliyi ələ ala bilər.

Sabah baş tutacaq sprint yarışda reversiv qaydaya görə Hitech komandasından Ayzek Həcər ilk yerdən start alacaq…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*