F-1.az xəbər verir ki, bu dəfə də gözlənildiyi kimi, qələbə pouldan start alan sürücüyə qismət olub. Prema komandasının danimarkalı sürücüsü Frederik Vesti cümə günü poul qazanmasının əbəs olmadığını layiqincə sübut edib.
Mercedes Akademiyasının dinləyicisi ilk döngəyə öndə girib – çünki onun arxasında ART GP komandasının sürücüləri sərt mübarizə aparıblar: seriyanın debütantı Viktor Marten təcrübəli Teo Purşeri divara dirəyib və qarşısını kəskin kəsib. Bundan sonra üçlük peletondan uzaqlaşmağa başlayıb.
Arxa cərgələrdə ötmələr olub, amma ilk onluqda sürücülər sadəcə qatar kimi dövrələr vurublar.
Hətta ilk beşlik məcburi pit stopa da tələsməyib. Amma Cək Duhənin qorxulu qəzası planları pozub. Bərk təkərlərlə yarışa başlayıb hələ boksa getməyən sürücülər TM rejimi sayəsində qazanıblar.
Restartdan sonra isə məlum olub ki, Viktor Marten sarı bayraqlar altında sürətini kifayət qədər azaltmayıb. Ona görə də pit yolundan keçmək cəzası alıb və fransalı sürücü 8-ci yerə geriləyib. Əvəzinə seriyanın digər debütantı Zeyn Məloni 3-cü yerə yüksəlib.
Sürücülər elə bu ardıcıllıqla da finişə çatıblar. Frederik Vesti mövsümdə ilk poulunu ilk qələbəyə çevirə bilib və bunun sayəsində çempionatda liderliyi də ələ keçirib.
Podiumu Teo Purşer (çempionatda Vestiyə 5 xal uduzur) və Zeyn Məloni tamamlayıblar.
Gənc sürücülərin mübarizəsi gələn həftəsonu Barselonada davam edəcək…