F-1.az xatırladır ki, testlərin birinci günündə Niko Rosberq trasa çıxmışdı. Testlərin ikinci günündə isə Renault-nun ehtiyat sürücüsü Esteban Okon trasa çıxmalı idi. Amma Mercedes gözlənilmədən dəyişiklik edərək, Paskal Verlyaynı çağırmışdı.
İtaliya mətbuatında çıxan söz-söhbətlərə əsasən, Mercedes Verlyaynı Həmiltonun yerinə hazırlamaq üçün bu addımı atıb.
Xəbərlərdə deyilir ki, Mercedes Həmiltonun İspaniya QP-dən sonrakı hərəkətlərindən razı qalmayıb.
Həmilton İspaniyadakı yarışın birinci dövrəsində Rosberqi keçmək istəyərkən, trasdan kənara çıxmışdı və bolidin idarəetməsini itirərək Rosberqə çırpılmışdı, bununla da həm özünün, həm də komanda yoldaşının yarışını vaxtından əvvəl bitirmişdi. Qəzadan sonra isə bolidin sükanını kənara tullamışdı.
Rosberq əvvəldən planlaşdırıldığı kimi testlərdə iştirak etsə də, Həmilton yarış bitən kimi Kann Film Festivalında iştirak etmək üçün Fransaya yola düşüb.
Xəbərlərə görə, Mercedes Həmiltonun Barselonada qalaraq, onlarla işləməsini, testlərin ikinci günündə trasa çıxmasını və “biz bir yerdəyik” mesajı verməsini istəyirmiş. Ancaq Həmilton buna “yox” cavabı verərək, Kann Film Festivalına yollanıb.
Bundan sonra Mercedes məcburən Verlyaynı testlər üçün çağırıb. Xəbərdə deyilir ki, Verlyayn Monakoda Həmiltonu əvəz edə bilər, amma Mercedes-in belə qəfil addım atacağı mümkün deyil…