F-1.az bildirir ki, Ferrari Barselonada mövsümün ən pis nəticəsini əldə edib – Karlos Sayns yalnız beşinci olarkən, Şarl Lekler ümumiyyətlə xal qazana bilməyib. Komandanın rəhbəri etiraf edib ki, mühəndislər hələ də trasda maşının stabil davranışına nail ola bilməyiblər.
Frederik Vassyör: “İnanıram ki, bizim əsas problemimiz sürətli dövrə potensialında və ya maşının müəyyən növ döngələrə uyğun gəlməməsində deyil. Əsas problem odur ki, biz SF-23-ün trasda stabil davranışına nail ola bilmirik.
Nümunə olaraq Şarlın maşınını götürək. O, yarışın əvvəlini və sonunu eyni tərkibdə (Hard) sürdü, lakin birinci seqmentdə avtomobildə balans problemi müşahidə edildi, son seqmentdə isə balansla bağlı problemlər aradan qalxdı. Karlosa gəlincə, o, ilk və son hissələri yaxşı keçirdi, amma yarışın ortalarında rəqiblərinə 15 və ya 20 saniyə uduzdu.
Bu problemlərin səbəblərini başa düşmək və aradan qaldırmaq bizim üçün çox çətindir, çünki hər dəfə səbəblər fərqlidir. Düşünmürəm ki, Barselonadakı çətinliklər təkərlərin deqradasiyası ilə bağlıdır. Daha güclü hücumlar etsək onlar ola bilərdi, lakin deqradasiya əsas problem deyildi.
Karlos son dövrələrdə yaxşı temp nümayiş etdirdi. Bu, təkərlərin səmərəliliyini itirmədiyini göstərir.Lakin Şarl yarış boyu balanssızlıqdan şikayətləndi. Düzdür, biz boş trasda sıralanmada daha sürətli görünürük, lakin Barselonada bu həmişə belə deyildi. İkinci mərhələdə Karlos boş trasda getdi, lakin onun tempi fəlakət idi”.