F-1.az xatırladır ki, Force İndia komandası 3 ildir ki, Serxio Peres və Niko Hülkenberqlə yarışır və hər il daha yaxşı nəticələr əldə edir. 2014-cü ildən bəri hər mövsüm azı bir dəfə podiuma yüksəlməyi bacaran komanda hazırda mühəndislər kubokunda Williams-dan 19 xal geridə, 5-ci yerdədir.
Vicey Malya: “Nikonun başına gələn bəzi şeylər heç olmamalı idi. Lakin biz onlardan dərs aldıq. Sürücülərimizdən razıyıq. Niko da Çeko qədər yaxşı sürücüdür. Hər iki sürücü gələn il komandada qalacaq. Bu, böyük dəyişikliklərin olacağı 2017-ci ildə bizə kömək edəcək.
Bu il hədəfimiz təbii ki, Williams-ı üstələməkdir. Onların bizdən 19 xal çox yığdığını nəzərə aldıqda, bunu bacarmağımız mümkündür. Lakin Avstriyada heç bir şey istədiyimiz kimi getmədi və bu, bizə hələ çox işləməli olduğumuzdan xəbər verdi. Amma geridə olan komandalara da nəzarət etməliyik. Toro Rosso arxamızca sürətlə gəlir. Onlar bəzi yarışlarda bizə çox yaxın idilər, bəzən isə hətta üstün idilər. Buna diqqət yetirməliyik”.