F-1.az xəbər verir ki, Williams komandası dünənki testlərdə bir neçə ön qanadı yoxlayıb. Həm də may ayında Barselonada yoxlanılan radikal arxa qanad burada da maşına yerləşdirilib. Testlərin ikinci günündə 98 dövrə vuran Valtteri yekunda 6-cı nəticəni göstərə bilib.
Valtteri Bottas: “Bu ilə aid fərqli ön qanadları yoxladıq. Bunlardan biri bu mövsüm ərzində istifadə etdiyimiz, digəri isə yenilənmiş ön qanad idi. Aralarındakı fərq olduqca az idi. Düzünü desək, istədiyimiz qədər fərq yaratmaqda çətinlik çəkirik. Bu dəyişikliyin daha çox təsiri olacağına ümid edirdik. Lakin istədiyimiz qədər asfalta yatma qüvvəsi əldə edə bilmirik və bu da bizə sürətli dövrələr vurmağa imkan vermir. Lakin uzun müddət ərzində bizə üstünlük verə biləcək bəzi nəticələr əldə etmişik”.
Bottas reqlamentə uyğun olmayan arxa qanad barədə də danışıb: “O, asfalta yatma qüvvəsini bir qədər artırır. Bizim məqsədimiz döngələrdə asfalta yatma qüvvəsinin necə olduğunu görmək idi, çünki hazırda bizim ən zəif yerlərimizdən biri budur. Buna görə də, həmin arxa qanadın buna necə təsir etdiyini yoxlayırdıq”.