F-1.az xatırladır ki, Valtteri Bottas keçən mövsüm Kimi Rəykkönenin xələfi kimi göstərilirdi. Amma finlandiyalı sürücü Williams komandası ilə olan müqaviləsini bir il müddətinə daha artırdı.
Qeyd edək ki, Bottas keçən mövsüm sürücülər çempionatını 5-ci pillədə başa vurub və 2014-cü ilə nisbətən bir pillə geriləyib.
Finlandiyalı sürücü Ferrari şaiyələrini geriləmə səbəbi kimi göstərib: “Ferrari şaiyələri karyeramın ən narahat vaxtları idi. Mətbuatın nə etdiyini hiss edirdim. Hər yarışdan əvvəl eyni sualları soruşurdular. Küçədə gördüyüm adamlar belə eyni sualları soruşurdu. Bütün günü eyni sualları eşidirdim.
Bu heç də yaxşı hal deyil, çünki yarış həftəsində düşündüyümüz tək şey odur ki, bu həftəsonu necə maksimun nəticə əldə edə bilərəm. Amma bu cür dedi-qodular vəziyyəti daha da çətinləşdirir. Amma neynəmək olar? Bu Formula1-dir.
Bu şaiyələr mənim nəticəmə təsir etdi, amma o qədər də zərər vermədi”.
Williams komandasının texniki direktoru Pət Simonds düşünür ki, bu şaiyələr finlandiyalının performansına pis təsir edib: “Kaş bu şayiələr olmayaydı, çünki bu Bottasın performansına pis təsir etdi. Amma Valtteri bu problemləri dəf etdi və özünə gəldi”.