F-1.az xatırladır ki, finlandiyalı sürücü yarışa 15-ci yerdən başlasa da, yağışda düzgün strategiya seçərək, 11-ci yerə qədər yüksəlib. Lakin o, son 1 xalı McLaren-in əlindən ala bilməyib. Beləliklə, Bottas ardıcıl 5-ci yarışdan xalsız ayrılıb.
Valtteri Bottas: “Sağlam yarış idi və əlimizdən gələni etdik. Monakoda dörd yer qazanmaq pis nəticə deyil və bütün əziyyətimizə baxmayaraq xalsız qalmaq məyusedicidir.
Yağış yarışı qarışdıraraq, bizə kömək etdi, amma belə hallarda bəzi önəmli qərarlar almalıyıq və biz doğru qərarlar verdik. Tras bəzi yerlərdə çox yaş, bəzi yerlərdə quru olduğu üçün keçid təkərlərində də vəziyyət çətin idi. Ancaq hamıdan əvvəl o təkərə keçdik və üstünlük qazandıq.
Bolid yeniliklər hesabına bir az yaxşı idi və Barselonada paketimizin daha yaxşı işləməsini gözləyirik. Oradan daha yaxşı nəticə ilə dönəcəyimizə ümid edirəm. O yarışı səbirsizliklə gözləyirəm”.