F-1.az xatırladır ki, finalndiyalı sürücü mövsümün ilk yarışı Bəhreyndə 8-ci olaraq, 4 xal qazansa da, növbəti iki yarışda bərbad performans göstərib. O, Avstraliyada gənc komanda yoldaşı Quanyu Çjoudan belə geri qalıb. Bu da özü ilə bərabər tənqidləri gətirib.
Valtteri Bottas: “Bakıdakı trası çox sevirəm və yarışmaq üçün səbirsizlənirəm. Daha əvvəl burada qalib gəlmişəm və podiuma çıxmışam. Növbəti yarışda da yaxşı nəticə qazanmaq istəyirəm. Əsas vəzifəmiz addım-addım inkişaf etməkdir. Uzun mövsümdür və qazanmalı olduğumuz çox xal var.
Üçhəftəlik fasilədə mümkün qədər yaxşı hazırlanmağa çalışdım. Əvvəlki yarışların bəzilərini təhlil etdik və Bəhreyndəki səviyyəmizə çatmaq üçün çox işlədik. Özümüzü təkmilləşdirmək üçün və yenidən xal qazanmaq üçün ehtiyacımız olan hər şeyə sahibik”.
Qeyd edək ki, Bottas 2017-ci ildəki Azərbaycan yarışında 2-ci olaraq podiuma yüksəlmişdi. 2019-cu ildə isə komanda yoldaşı Həmiltonu qabaqlayaraq, qələbə qazanmışdı.