F-1.az xatırladır ki, finlandiyalı sürücü Bakıdakı yarışa 10-cu yerdən başlamış və öndəki rəqiblərin problem yaşamasına baxmayaraq, yarışı 12-ci yerdə bitirib. Beləliklə, 32 yaşlı pilot 2020-ci ilin Türkiyə yarışından sonra ən pis nəticəsini əldə edib.
Valtteri Bottas: “Yarışda da özümü sıralanma turundakı kimi hiss etdim. Niyə bu qədər yavaşıq hələ də anlamıram. Düzünü desəm, bütün həftəboyu eyni problemi yaşadım. Cümə və şənbə günü özümü maşında yaxşı hiss etmirdim. Sürət yığa bilmirdim. Yarışın ilk dövrələrində rəqiblərlə mübarizə çətin idi və daha sonra Aston Martin sürücülərindən biri məni keçdi. Çox qəribə hal idi. Bakıda həmişə sürətli olmuşam və burada sazlanma tapa bilirəm. Lakin bu il belə olmadı. Səbəbini də bilmirəm. Lyuislə aramızdakı fərq də çoxdur. Heç nə deyə bilməyəcəm. Bütün həftəsonu ərzində aramızda fərq çox idi. Buna görə də həll etməli olduğumuz şeylər var.
Problemlərdən biri təkər qızdırmaqla bağlı idi. Hər restartda çətinlik çəkirdim və yer itirirdim. Təhlükəsizlik maşınından sonra başlamaq lap çətin idi. Artıq rəqiblərim üçün əsl hədəf olmuşdum. Hamı gəlib məni keçirdi və mən heç nə edə bilmirdim.
Düzdür, Bakı trası xüsusidir, amma zəifliyimizin səbəbini tapmalıyıq. Bu yarışı unutsam, yaxşı olacaq. Nəticə potensialımı əks etdirmir. Belə zəif olduğumu heç xatırlamıram. Daha əvvəl də zəif yarışlar keçirmişəm. Lakin bir yerdən sonra geri dönə bilmişdim. Bakıda isə heç tempim yox idi”.