Ümumdünya Şurası sıralanma turunun ilkin versiyasını qüvvədə saxlayıb, yəni hər 3 sessiyada sürücülər bir-bir mübarizəni dayandıracaqlar, son iki sürücü isə poul uğrunda mübarizə aparacaq.
Əvvəlki kimi sıralanma turu 3 sessiyadan ibarət olacaq. İlk sessiya 16 dəqiqə davam edəcək və 7-ci dəqiqədən başlayaraq ən yavaş sürücü çıxışını dayandıracaq. Bundan sonra hər 90 saniyədən bir sürücülərdən biri mübarizəni dayandıracaq, sessiya 15 sürücü qalanadək davam edəcək.
Qısa fasilədən sonra ikinci sessiya başlayacaq, müddəti 15 dəqiqə olacaq. Qaydalar eynidir – 6-cı dəqiqədən başlayaraq 90 saniyəlik intervalla ən yavaş sürücü sessiyada mübarizəni dayandıracaq. Sessiya 8 sürücü qalanadək davam edəcək.
Son sessiyanın müddəti 14 dəqiqə sürəcək, sürücülər 5-ci dəqiqədən başlayaraq mübarizəni dayandırmağa başlayacaqlar, trasda yalnız iki sürücü qaldıqda isə son 90 saniyə ərzində onlar poul uğrunda yarışacaqlar.
Bir neçə gün əvvəl Berni Ekksltoun bildirmişdi ki, FOM qısa müddət ərzində proqram təminatını hazırlaya bilmədiyi üçün yeni format İspaniya Qran Prisindən tətbiq olunacaq. Amma bu gün jurnalistlərə bildirilib ki, FOM yeni formatın ilk yarışdan tətbiq olunduğunu təsdiq edib…