Türkiyə-2020: Sıralanma turu

Təqvimə sonradan əlavə edilən İstanbul Parka yeni asfalt cəmi 2 həftə əvvəl döşənib. Onun üzərindəki yağlanmaları hətta həftəsonundan əvvəl yumağa belə çalışıblar. Lakin nəticələri aradan qaldırmaq mümkün olmayıb.

F-1.az xatırladır ki, dünən ilk məşqlərdən etibarən trasın çox sürüşkən olması sürücülərə problemlər yaradıb. İlk sessiyada hətta ən yaxşı nəticə trasın rekorduna 10 saniyə uduzub. Dünən və bu gün baş tutan hər 3 sərbəst yürüşlərdə protokollara Maks Ferstappen başçılıq edib.

Pirelli buraya ən sərt üçlüyü – C1, C2 və C3 tərkiblərini gətirib. Təchizatçının bu seçimini sürüşkən asfalt üçün heç də uğurlu adlandırmaq olmaz.

İlk Sessiyanın başa çatması üçün bir saatdan çox vaxt lazım olub. Əvvəl trasda çox da su olmadığından sürücülər tez sürətli dövrə vurmaq üçün bokslardan ayrılıblar. Bəzi sürücülər keçid təkərlərdən istifadə ediblər, lakin maşını trasda saxlamaq onlar üçün daha çətin olub. Görmə qabiliyyətinin pisləşməsi, sürücülərin çox səhvə yol verməsi sessiyanın qırmızı bayraqlarla dayandırılması ilə nəticələnib. Bu ana qədər ən yaxşı nəticə 2:06.115 ilə Okona aid olub.

Yağış tezliklə azalıb. Trasdakı suyun kənara atılması üçün xüsusi texnikadan istifadə edilib. Bernd Maylander TM ilə trası bir neçə dövrə vuraraq təftiş edib. Restart 44 dəqiqə sonra verilib. Sürücülər yağış təkərləri ilə trasa çıxıblar. Səhvlər yenə olub, Qrojan isə idarəetməni itirərək çınqıllığa düşməsi yenidən qırmızı bayraqlara səbəb olub. Lakin bu dəfə fasilə qısa olub. Latifiyə görə sarı bayraqların dalğalanması bəzi sürücülərə mane olub. Stüardlar isə sarı bayraqlar altında vurulan sürətli dövrələrin yarışdan sonra araşdırılacağını bildiriblər. Ferstappen 1:57.485 ilə protokollara başçılıq edib, Latifi, Qrojan, Rassell, Kvyat və Maqnussen üçün sıralanma turu başa çatıb.

İkinci sessiyada McLaren sürücüləri əvvəlcə keçid təkərləri ilə mübarizəyə başlayıblar, lakin dərhal boksa gələrək yağış təkərlərini seçiblər. Trasın vəziyyəti sürətlə düzəldiyindən, yaxşı nəticələr də bir-birini əvəzləyib. Sonda ən yaxşı nəticəni yenə Ferstappen göstərib – 1:50.293. Qasli, Lekler, Sayns, Fettel və Norris ilk onluqdan kənarda qalıblar.

Son sessiyada Racing Point sürücüləri keçid, yerdə qalan sürücülər isə yağış təkərləri ilə trasa çıxıblar. Serxio ilk cəhddə hamını üstələyib. Ferstappen, Stroll, Həmilton və Bottas boksa gələrək keçid təkərlərini seçiblər. Maks bu təkərlərin yaxşı işləməməsindən şikayətlənsə də, Peresin nəticəsini üstələyib, lakin Ləns Strolla uduzub.

Beləliklə, Ləns Stroll mövsümdə və karyerasında ilk poulunu əldə edib. Maks Ferstappen ikinci, Serxio Peres isə üçüncü yeri tutub. Aleksander Elbon sabah Serxio ilə birlikdə yarışa ikinci cərgədən başlayacaq. Üçüncü cərgə isə Daniel Rikkardo və Lyuis Həmiltonundur.

Mercedes komandası cari mövsümdə ilk dəfə poulu qazana bilməyib.

Sabah Bakı vaxtı ilə 14:10-da bizi olduqca maraqlı, qarışıq və nəticəsini əvvəlcədən təyin etməyin mümkün olmadığı yarış gözləyir.

Yer N Sürücü Komanda 1-ci sessiya 2-ci sessiya 3-cü sessiya
Yer Zaman Dövrə Yer Zaman Dövrə Zaman Dövrə
1 18 Ləns Stroll Racing Point 12 2:07.467 7 4 1:53.372 8 1:47.765 7
2 33 Maks Ferstappen Red Bull 1 1:57.485 10 1 1:50.293 8 1:48.055 8
3 11 Serxio Peres Racing Point 15 2:07.614 7 9 1:54.097 8 1:49.321 6
4 23 Aleksander Elbon Red Bull 2 1:59.431 10 2 1:52.282 8 1:50.448 8
5 3 Daniel Rikkardo Renault 7 2:05.598 10 10 1:54.278 9 1:51.595 7
6 44 Lyuis Həmilton Mercedes AMG 14 2:07.599 8 3 1:52.709 8 1:52.560 7
7 31 Esteban Okon Renault 8 2:06.115 10 6 1:53.657 9 1:52.622 7
8 7 Kimi Rəykkönen Alfa Romeo 3 2:01.249 11 8 1:53.793 9 1:52.745 7
9 77 Valtteri Bottas Mercedes AMG 9 2:07.001 9 7 1:53.767 7 1:53.258 7
10 99 Antonio Covinatsi Alfa Romeo 11 2:07.341 10 5 1:53.431 9 1:57.226 7
11 4 Lando Norris McLaren 10 2:07.167 9 11 1:54.945 9
12 5 Sebastyan Fettel Ferrari 4 2:03.356 9 12 1:55.169 9
13 55 Karlos Sayns McLaren 13 2:07.489 10 13 1:55.410 8
14 16 Şarl Lekler Ferrari 5 2:04.464 9 14 1:56.696 9
15 10 Pyer Qasli AlphaTauri 6 2:05.579 9 15 1:58.556 8
16 20 Kevin Maqnussen Haas 16 2:08.007 10
17 26 Daniil Kvyat AlphaTauri 17 2:09.070 8
18 63 Corc Rassell Williams 18 2:10.017 9
19 8 Roman Qrojan Haas 19 2:12.909 7
20 6 Nikolas Latifi Williams 20 2:21.611 9
, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*