F-1.az bildirir ki, tamaşaçılar üçün ən populyar mərhələ Böyük Britaniya Qran Prisi olub – Silverstounda həftəsonu ərzinə tribunalara 340 min tamaşaçı baş çəkib. Rodriges qardaşlarının adını daşıyan avtodroma bu il Meksika Qran Prisini izləmək üçün 335 min tamaşaçı toplaşıb. Mövsümün ilk yarışında Melburnun Albert Parkında yerləşən avtodromun tribunaları isə 295 min tamaşaçı ilə dolub.
ABŞ (264 min), Sinqapur (263 min), Belçika (250 min) və Macarıstan (210 min) Qran Priləri də tamaşaçı baxımından rekordsmenlər arasındadırlar.
Ümumiyyətlə, 2018-ci ildə bir Formula1 mərhələsini orta hesabla 195 min tamaşaçı canlı olaraq tribunalardan izləyib. Bu göstərici keçən illə müqayisədə 2.7% artıb – ən çox artım isə Azərbaycan Qran Prisində qeydə alınıb: Bakıda 2017-ci ildə baş tutan dramatik yarış 2018-ci ildə tribunlarda tamaşaçıların sayının 31.6% artmasına səbəb olub. Avstriya (27.6%), Yaponiya (20.4%) və Kanadada da (11.4%) artım səviyyəsi yüksək olub.
Ancaq bazar günündə tribunalara toplaşan tamaşaçıların sayına gəlincə, il ərzində sırf yarışları tribunalardan 1 702 959 tamaşaçı izləyib, yəni orta hesabla bir yarışa 81 093 tamaşaçı düşüb. Birincilik yenə də Silverstounun hesabındadır – 140.5 min tamaşaçı. Mexikoda yarışı 135.5 min, Ostində isə 111.6 min tamaşaçı canlı izləyib.
Şon Bratçes, Formula1-in kommersiya direktoru: “Orta hesabla hər bir Qran Priyə 200 min, hər bir yarışa isə 80 min tamaşaçının tribunlara toplaşması bizim idmanı digər idman növlərindən ciddi fərqləndirir və bir daha bizim çempionata olan marağın artmasından xəbər verir.
Biz hər yarışda tamaşaçıların məmnunluq sorğusunu da aparırdıq, nəticələr göstərir ki, bizim səylərimiz özünü doğruldur. Biz tam əminik ki, Formula1 böyük potensiala malikdir, amma bu potensial hələ tam açılmayıb. Ona görə də biz gələcəkdə azarkeşlərlə daha sıx təmasda işləməyə davam edəcəyik”.
Liberty Media, eyni zamanda, müqayisə üçün digər böyük idman tədbirlərində tribunaları azarkeşlərin doldurması barədə stastistik məlumatlar yayıb. Məsələn, Almaniyada futbol üzrə ölkə çempionatının hər bir oyununu 45 min tamaşaçı, Çempionlar Liqasının hər bir oyununu isə 47 min tamaşaçı izləyib. Yayda Rusiyada keçirilən futbol üzrə dünya çempionatının oyunlarında orta tamaşaçı sayı 48 min olub, “Lujniki” stadionunda baş tutan final oyununa isə 78 min tamaşaçı baxıb…