Tarixi traslar çempionatı tədricən tərk edir, onların yerini isə yeni avtodromlar tutur. İki il əvvəl çempionatda Valensiya və Sinqapur debüt etmişdi, keçən ilin mövsümü isə yeni Abu Dabi trasındakı yarışla başa çatmışdı.
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında avtodromun tikintisi fikri 2006-cı ilin yanvarında rəsmiləşdirilib, o zaman German Tilke sadəcə 3 km uzunluğu olan bir trasın hazırlanması sifarişini alıb – trasda yerli və regional səviyyəli yarışların keçirilməsi nəzərdə tutulmuşdu. Hər ay layihə genişlənib – artıq yayda qərara alınıb ki, layihə Formula1 miqyasına qədər böyüdülməlidir. Xərclərin də artması süni Yas adasındakı bu avtodromu dünyanın ən bahalı idman layihəsinə çevirib.
Tras: Yas Marina
Dövrənin uzunluğu: 5554 m
Dövrələrin sayı: 55
Ümumi məsafə: 305.470 km
Artıq 2007-ci ildə trasın maketinin təqdimetmə mərasimi təşkil olunub, Ekklstounla müqavilə imzalanıb və debütünə iki il qalmış yeni Qran Pri yerli Etihad Airways aviaşirkəti kimi titul sponsoru qazanıb. Sinqapurdakı ilk gecə yarışının uğurlu keçməsindən sonra avtodromun layihəsi süni işıqlandırma sisteminin qurulması üçün dəyişdirilib, amma təşkilatçılar sadəcə gecə yarışını deyil, təbii işıq altında start alıb süni işıqlar altında başa çatacaq yarış təşkil etdilər.
Trasın bir hissəsi sahil ərazidən keçir, Abu Dabidə qabarma hündürlüyü yarım metrdən hündür olmadığı üçün praktiki olaraq dalğalar olmur, ona görə də bu sahədə imkanlı azarkeşlər üçün yarışın gedişini lövbər salmış yahtlardan izləmək şəraiti yaradılıb.
Layihənin əsasında elə əvvəldən ikili xarakter nəzərdə tutulmuşdu – trasın birinci yarısı sürətli stasionar avtodromu xatırladır, ikinci yarısı isə daha çox şəhər traslarına xas olan yavaş və orta sürətli döngələrdən ibarətdir.
Komandalara optimal sazlanmalar tapmaq asan olmayacaq, dövrənin əvvəlindəki sürətli sahələr ötməyə imkan verir, amma düz yolun sonunda zəruri olan asfalta yatma qüvvəsinin aşağı səviyyəsi maşının yavaş döngələrdə stabilliyini azaldacaq.
Daha bir maraqlı xüsusiyyət pit-leyndən çıxışdır – çıxış tuneldə, trasın altındadır və sürət məhuddiyyətini bildirən xətdən sonra başlayır.
Formula1 tarixində ilk dəfədir ki, mövsümün son yarışında titula dörd namizəd starta çıxacaq – mübarizənin gərgin və maraqlı olması gözlənilir. Yeni dünya çempionunun adı bazar günü məlum olacaq…