Toyota və Evansdan mövsümdə ilk qələbə

Ralli üzrə Dünya Çempionatının (WRC) İsveç mərhələsinin son günü yalnız bir xüsusi mərhələdən ibarət olub.

F-1.az xatırladır ki, anormal hava şəraiti üzündən İsveç Rallisi qısaldılmış formatda keçirilib – nəzərdə tutulmuş 19 xüsusi sahədən yalnız 9-da sürücülər güclərini sınaya biliblər. Rallinin ilk günündən liderliyi ələ alan Toyota-nın birtaniyalı sürücüsü Elfin Evans sonadək heç kimə şans verməyib və karyerasında ikinci zəfərinə sevinib. Toyota-nın mövsümdə ilk qələbəsini komandanın debütantı Kalle Rovanpera dəstəkləyib, yüksək liqada ikinci yarışında podiumun son pilləsinə qalxmaq üçün Kalle altıqat dünya çempionu Sebastyen Ojyeni qabaqlamalı olub.

Bazar günü onsuz da isti olan hava yağışla əvəz olunub, buna görə də sürücülər İsveçin qış fəslinə xas qarlı və buzlu yolda deyil, bu dəfə palçıqda yarışmalı olublar. Amma havanın bu cür keçməsi Elfin Evansın Toyota-da ilk qələbəsini qazanmasına mane olmayıb. Ümumiyyətlə, Elfin 9 xüsusi sahənin beşində protokollara başçılıq edib.

Hyundai-ın ən yaxşı nəticəsini isə keçənilki dünya çempionu Ott Tənak göstərib – estoniyalı sürücü mövsümün ilk yarışında Monte Karloda ağır qəzaya uğramışdı, amma bu dəfə yeni komandası ilə ilk dəfə podiuma yüksələ bilib.

Maraqlıdır ki, 2001-ci ildə İsveç Rallisinin qalibi Harri Rovanperanın oğlu Kalle yeni komandasında peletonun ən təcrübəli sürücüsünü məğlub edib – dünənki günü 4-cü yerdə başa vuran Kalle bu gün baş tutan yeganə xüsusi sahədə nəinki Sebastyen Ojyeni, eləcə də hamını arxada qoyaraq əlavə 5 xala da yiyələnib.

Nəticədə, sürücülərin çempionatında ikihakimiyyətlilik yaranıb – bugünkü qələbəsindən sonra Elfin Evans mövsümün ilk yarışının qalibi Hyundai-ın sürücüsü Tyerri Növillə çatıb, indi hər iki sürücünün 42 xalı var. Sebastyen Ojye onlara 5 xal uduzur. İstehsalçıların çempionatında Toyota-nın Hyundai üzərində 10 xallıq üstünlüyü var.

Çempionatın növbəti mərhələsi martın ortalarında Meksikada baş tutacaq.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*