F-1.az xəbər verir ki, ən mötəbər hiperkar sinfində titul uğrunda gedən gərgin mübarizə yekunda Toyota-nın qələbəsi ilə başa çatıb. 8 nömrəli ekipajın heyəti (Sebastyen Buemi, Brendon Hartli və Rio Hirokava) pouldan start alsa da, finişdə 7 nömrəli komanda yoldaşlarına (Mayk Konvey, Xose Mariya Lopes və Kamui Kobayaşi) uduzublar. Amma bu ikincilik dünya çempionatını 1-ci pillədə başa vurmağa yetərli olub.
Çünki titula namizəd olan digər ekipaj – Alpine komandası (Andre Neqrau, Matyö Vaksivyer və Nikolya Lapyer) finişdə 3-cü olub. Fransızlar çempionatı 2-ci yerdə başa vurublar.
Toyota komandası Mühəndislər Kubokunda da mövsümü qələbə ilə başa vurub.
Bu il faktiki olaraq yaponların yalnız Alpine qismində bir maşın rəqibi var idi. Gələn il çempionata bir çox istehsalçıların gəlməsi ilə mübarizənin daha da gərginləşməsi gözlənilir…
LMP2 sinfində titulun sahibi çoxdan müəyyənləşmişdi. Mövsümün son yarışında isə startda 8-ci olan WRT komandasının 31 nömrəli ekipajı (Şon Gelael, Robin Fryayns və Rene Rast) qələbəyə sevinib.
Bu ildən tarixə qovuşacaq LMGTE Pro sinfində də titulun sahibi məlum idi, amma tarixin sonuncu yarışında finişədək gərgin mübarizə gedib və yekunda Miqel Molina və Antoniu Fuoku Ferrari-yə qələbə qazandırıblar.
LMGTE Am sinfində isə qələbəyə Team Project 1 komandası (Matteo Kayroli, Mikkel Pederson və Nikolas Leytviller) sevinib. Ancaq qızlardan ibarət Iron Dames komandası (Rahel Fret, Mişel Qattinq və Sarah Bovi) bu dəfə də podiumu tamamlayıb.