Toyota mövsümə qələbə dublu ilə başlayıb

Dünən okeanın o tayında əfsanəvi Sebrinq Avtodromunda Dünya Dözümlülük Çempionatının (WEC) ilk mərhələsi başa çatıb. Çempionat iştirakçıları mövsümün ilk qələbəsi uğrunda mübarizə aparıblar.

F-1.az xəbər verir ki, ən populyar HyperCar sinfində sıralanma turu sürprizlə başa çatsa da, yarışın əvvəlində hər şey ənənəvi yoluna düşüb.

İki Ferrari maşını 50 illik fasilədən sonra çempionata qayıtmaqla, son illərin rəqibsiz çempionları Toyota maşınları ilə müqayisədə hələ zəif olduqlarını sübut ediblər.

Toyota-nın ekipajları növbə ilə qırmızı maşınları keçərək, sadəcə üfüqdə gözdən itiblər. Finişdə iki komandanı iki dövrə ayırıb.

Mövsümün ilk qələbəsini isə #7 ekipajın üzvləri aktivlərinə yazıblar – Mayk Konvey, Kamui Kobayaşi və Xose Mariya Lopes yalnız pit stopda komanda yoldaşlarını qabaqlaya biliblər. Finişdə iki Toyota maşınını cəmi iki saniyə ayırıb. Keçənilki çempionlar – Sebastyen Buemi, Brendon Hartli və Rio Hirakava bu dəfə ikinciliklə barışmalı olublar.

Ferrari-nin #50 ekipajı podiumu tamamlayıb. Zəif yarış tempinə baxmayaraq, Antonio Fuoko, Miqel Molina və Niklas Nilsen uzun fasilədən sonra komandanın çempionatda debütünü uğurlu saymaq olar.

İtalyanlara cəmi 10 saniyə uduzaraq finişdə 4-cü olan Cadillac komandasının debütü də pis alınmayıb – Örl Bamber, Aleks Linn və Riçard Vestbruk podiumun bir addımlığında dayanıblar.

Porsche Penske komandasının iki maşını finişdə liderə 4 dövrə uduzaraq növbəti yerləri bölüşdürüblər.

Ümumi sıralamada növbəti yerləri LMP2 sinfinin sürücüləri tutublar – Jota komandası mövsümə qələbə ilə başlayıb. Zek Braunun United AutoSport komandası sinfin liderinə 3 saniyədən az uduzub. Podiumu isə Daniil Kvyatın debüt etdiyi Prema komandası tamamlayıb.

LMGTE AM sinfində də sensasiya yaşanmayıb – gözlənilmədən poul qazanan qadınlardan ibarət İron Dames komandası finişdə yalnız 8-ci olub. Qələbəyə isə Corvette komandası sevinib. Dampsey-Proton (Porsche) və Kessel (Ferrari) komandaları podiumu tamamlayıblar.

Çempionat iştirakçıları bir aydan sonra Portuqaliyada 6 saatlıq yarışa toplaşacaqlar…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*