Toyota-dan növbəti qələbə

Portuqaliyada Dünya Dözümlülük Çempionatının (WEC) iştirakçıları mövsümün ikinci mərhələsində bir araya gəliblər. Bu gün Portimao şəhərciyində yerləşən məşhur Alqarve avtodromunda 6 saatlıq marafon baş tutub.

Ümumiyyətlə, marafonlarda sıralanma turu elə də böyük əhəmiyyət kəsb etmir, çünki texnikanın etibarlılığı ön plana keçir. Bu dəfə problemlər hətta son illərin dominant liderindən də yan ötüşməyib.

F-1.az xəbər verir ki, Toyota komandasının #8 ekipajı pouldan start alaraq yarışa başçılıq etdiyi bir vaxtda #7 ekipajı aparıcı valın problemi üzündən boksda vaxt itirməli olub. Ona görə də mövsümün ikinci yarışında Brendon Hartli, Sebastyen Buemi və Rio Harikava builki ilk qələbələrinə seviniblər. Əsas rəqiblərinin problemləri üzündən üçlük çempionatda liderliyi də ələ alıb.

Liderlərdən hər hansı birinin problemi digər komandaların uğur qazanması üçün fürsət olub. Uzun müddət hər iki maşınla podium qazanmağa yaxın olan Ferrari komandası da #51 ekipajını əyləc problemləri üzündən itirməli olub. Buna baxmayaraq, italyanların #50 ekipajı finişdə 2-ci olmaqla brendin 50 illik fasilədən sonra ən yaxşı nəticəsinə imza atıb. Növbəti yarışda qələbə gələcəkmi?

Podiumun son pilləsinə Porsche-nin #6 ekipajı qalxıb – almanlar yarışın sonunda sürətlə fərqi qapadan Cadillac-dan özlərini sığortalaya biliblər.

LMP2 sinfində sinfində isə Zek Braunun United Autosports komandası dubla imza atıb – Belçikanın WRT komandası isə əsas favorit Prema-nı üstələyərək podiumu tamamlayıb.

GTE Am sinfində isə gərgin mübarizə finişədək davam edib. Finişdə sarı Chevrolet Corvette C8.R qırmızı Ferrari 488 GTE Evo-nu cəmi 0.307 saniyə qabaqlayıb. Qadın sürücülərin İron Dames komandası 24 saniyə geridən podiumu tamamlayıb.

Aprelin sonunda çempionatın iştirakçıları əfsanəvi Spa avtodromunda 6 saatlıq marafona toplaşacaqlar…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*