F-1.az xatırladır ki, Toro Rosso keçən mövsüm Renault mühərriklərindən istifadə edirdi. Amma italyanlar bu il Ferrari-nin 2015-ci il mühərriklərindən istifadə edəcəklər. Ona görə də bolidin dizaynında bəzi dəyişikliklər olmalıdır.
Komandanın texniki direktodu Ceyms Ki bu dəyişikliklərdən danışıb: “Bolidin dizaynını tamamilə dəyişdirdik. Artıq bizim fərqli bolidimiz var.
Hər şeyi yenidən dizayn etməkdənsə, keçmişdə Ferrari mühərrikləri ilə işləmiş bolidlərimizin aerodinamik və mexaniki dizaynına baxıb, yeni bolid dizayn etdik. Çünki oktyabr ayında hər şeyə sıfırdan başlasanız, bolidinizi yeni mövsümə çatdıra bilməzsiniz.
Son 2-3 ayda komandadaki hər kəs var gücü ilə işlədi. Təkcə dizaynı yox, bolidin texniki xüsusiyyətlərini də dəyişdirdik.
Soyutma sistemi, bolidin proqramlaşdırılması, elektronik və enerjinin idarə sistemləri keçənilki bolidimizdən fərqlidir.
Ona görə də bəzi şeyləri yenidən öyrənməli və uyğunlaşmalı olduq”.
Çox adam düşünür ki, Toro Rosso bu mövsüm Red Bull-u məğlub edəcək. Bu cür düşünənlərdən biri də Red Bull komandasının rəhbəri Kristian Hornerdir. Ceyms Ki bu barədə də fikirlərini bildirib: “Keçən ilə nisbətən 1 saniyə sürətlənmişik və bu atılmış ən gözəl addımdır. Bir mövsüm ərzində bu qədər sürətlənmək çox çətindir.
Mühərriyimizi dəyişdirmək yaxşı addım idi. Ancaq trasa çıxıb, hər şeyin problemsiz işlədiyini görməliyik.
Bu mövsüm Ferrari-nin 2015-ci ildəki mühərriklərinin ən son versiyasını istifadə edəcəyik. Hər şey qaydasında getsə, 1 saniyə sürətlənəcəyik”.