McLaren və Honda rəsmi şəkildə yollarını ayırdıqlarını bildirməsələr də, pərdə arxasında artıq hər şeyin həll olunduğu deyilir.
F-1.az MotorSport.com resursuna istinadən xəbər verir ki, etibarlı mənbələr Renault ilə müqavilənin vaxtından əvvəl pozulması qarşılığında Toro Rosso Saynsın fransız komandasına keçidinə razı olub: Renault yalnız italyan komandasından yaxa qurtaracağı təqdirdə McLaren-lə əməkdaşlıq edə bilər. Deyilənə görə, razılıq cümə günü əldə olunub və McLaren 2018-ci ildə Renault motorları ilə çıxış edəcək. Toro Rosso və Honda arasındakı razılığın yaxın günlərdə açıqlanacağı ehtimal olunur. McLaren və Renault-nun əməkdaşlığının isə Sinqapur Qran Prisindən əvvəl rəsmi şəkildə elan olunması gözlənilir.
Sayns mövsüm başa çatmadan Renault-ya keçə bilər
İtaliya Qran Prisi ərəfəsində McLaren və Honda arasında gedən danışıqların nəticələrindən məlum olub ki, Sayns yuxarıda bəhs etdiyimiz razılaşmalarda mühüm fiqurdur. Renault rəhbərliyi müqavilənin vaxtından əvvəl pozulmasının qarşılığında ispan sürücünün komandaya keçidini tələb edib – onlar Hülkenberq və Saynsın komandanın inkişafı üçün birlikdə çox şey edə biləcəklərini düşünürlər. Əgər fransızlar Colion Palmerlə davam etmək istəməsələr, Sayns Malayziya Qran Prisindən etibarən Renault-da çıxış edə bilər. Bu halda Kvyatın mövsümün sonuna qədər komanda yoldaşının Pyer Qasli olması ehtimalı böyükdür.
Lakin Toro Rosso-nun növbəti mövsüm hansı sürücünü komandaya gətirəcəyi hələ dəqiq deyil. Bu məsələdə Honda-nın gənc sürücüsü Nobuharu Matsuşitanın da adı çəkilir. Qeyd edək ki, belə olacağı təqdirdə Nobuharu həm də McLaren-lə əməkdaşlığını bitirməli olacaq. Lakin burada da bir problem var – yapon sürücü Formula1-də iştirak etməyə icazə verən lisenziya üçün aşağı seriyalarda kifayət qədər bal toplamayıb. Gələn il çempionatda iştirak edə bilmək üçün hazırda yarışdığı Formula2-də yüksək yerlərdən birini tutmalıdır. Bu da mümkün deyil – Nobuharu cari mövsümdə altıncı yerdədir və rəqiblərindən xeyli geri qalır.
Toro Rosso-nu ötürmələr qutusu ilə McLaren təchiz edəcək
Honda ilə müqavilə Toro Rosso-nun ana komandası Red Bull-a 2019-cu ildən yapon şirkətin zavod komandasına çevrilmək imkanı verəcək. Amma bunun üçün yaponlar da son üç illə müqayisədə irəliyə doğru ciddi addım atmalıdırlar. Eyni zamanda, bütün bu dəyişikliklərin nəticəsində McLaren komandası Fernando Alonsonu komandada saxlaya bilər – ispaniyalı sürücü yalnız güc qurğusu təminatçısını dəyişdiyi halda komandada qalacağını şərt kimi qoymuşdu.
Ehtimal olunur ki, Toro Rosso gələn il McLaren-in transmissiyasından istifadə edəcək, çünki britaniyalıların hazırladıqları ötürmələr qutusu asanlıqla Honda güc qurğusuna quraşdırıla bilər. Beləliklə, qarşıdakı mövsümü Toro Rosso yeni transmissiya və elektronikaya adaptasiyaya həsr edə bilər ki, 2019-cu ildə bu araşdırmaları Red Bull-a ötürsün.
Bütün bu xəbərlər həqiqətdirsə, bizi növbəti həftə razılaşmaların rəsmi şəkildə elan olunması gözləyir…