Mövsümün ilk yarısında demək olar ki, bir aktyorun oynadığı teatr izlədik. Red Bull və Maks Ferstappen mövsümün ilk hissəsində hegemonluq etdilər. Bunun məntiqi nəticəsi kimi Red Bull koamandası ən yaxın rəqibi Mercedes-dən 256 xal, Maks Ferstappen isə ikinci yerdəki Serxio Peresdən 256 xal öndədir.
Bu yarış Maks Ferstappen üçün önəmli olacaq. Düzdür, bütün yarışlar sürücülər üçün önəmlidir, amma niderlandlı sürücü öz publikası önündə Sebastyan Fettelin ardıcıl 9 qələbəlik rekordunu təkrarlaya bilər. Maks burada keçirilən iki yarışda – 2021 və 2022-ci illərdə rahatlıqla qalib gəlmişdi. Buna görə bu həftəsonu da 25 yaşlı pilot ən böyük favorit sayılır. Lakin həm rekordu təkrarlama təzyiqi, həm də doğma publika önündə çıxış etmək gənc sürücünün üzərində olan gərginliyi artıra bilər. Lakin Red Bull hazırda elə sürətlidir ki, gənc Maksı ancaq motor problemi dayandıra bilər.
Maks Ferstappenin qələbələri ilə artıq əksəriyyət barışdığı üçün insanlara artıq yarışın ikincisi daha maraqlıdır. Burada isə namizədlər çoxdur. Serxio Peres, Lyuis Həmilton, Fernando Alonso, Şarl Lekler və Karlos Sayns. Əslində hazırda komandalar yay tətilindən qayıtdıqları üçün kimin ikinci komanda olduğu barədə elə də məlumat yoxdur. Hər şey komandaların yay tətilində gördükləri işlərdən asılı olacaq.
Həftəsonundan əvvəl başqa bir maraqlı nüans yaşandı – Niko Hülkenberq və Kevin Maqnussen Haas komandasında daha 1 il qalacaqlar. Haas komandasının gənc sürücüləri sevmədiyini hamımız bilirik. Buna görə də hazırda Niko və Kevin onlar üçün ən ideal sürücü cütüdür. Xüsusilə Niko bu il sıralanma turunda xarüqələr yaradır. O, 12 sıralanma turunun 6-da son sessiyaya qalıb və bu da Haas üçün yaxşı nəticədir.
Beləliklə, mövsümün son startından əvvəl bəzi maraqlı məqamlara toxunduq. Çempion hər iki cəbhədə də demək olar ki, məlumdur. Bəs ikinci kim olacaq?