MERCEDES AMG – 9.5
Keçənilki testlərdə sürətini göstərməsə də, komandaya əminliklə 10 xal vermək olardı. Komanda bu il də əsas favoritdir, lakin testlərdən sonra bir neçə sual yaranıb. Berklidə nisbətən uzun şassiyə üstünlük veriblər. Lakin başqa heç bir komanda bunu etməyib. Bunun səhv və ya dahiyanə bir addım olduğunu zaman göstərəcək. Komandanın sürücüləri optimal sazlanmanı tapmağın çətinliklərindən şikayət ediblər və istisna deyil ki, FİA W08-in asılqanlarına qarşı iddia qaldıra bilər. Belə bir təsəvvür yaranır ki, Mercedes AMG əvvəlki üç ildəki qədər üstün olmayacaq.
FERRARI – 9.0
Komanda keçənilki testlərdə də pis görünmürdü. Səhv xatırlamıramsa, testlər onlar üçün problemsiz ötüşməmişdi. Lakin bu dəfə Ferrari-nin maşınlarının səkkiz gün ərzində demək olar ki, heç bir texniki problemi olmayıb. Sebastyan Fettel və Kimi Rəykkönenin nəticələri bütün günlərdə protokolların ən üst pillələrində olub. Belə təəssurat yaranır ki, əgər SF70H həqiqətən göründüyü qədər yaxşıdırsa, Maranellodakılar texniki departamentdə kadr dəyişikliklərinə baxmayaraq, əla işləyiblər.
Digər komandaların sürətlərini bilərəkdən gizlətmələri iddialarına testlərin nəticələri barədə yazılanlarda tez-tez rast gəlmək mümkündür. Lakin bu onların nəyinə lazımdır? Təsəvvür etmək çətindir ki, digər komandalar ağıllı, Ferrari isə əksinə, olduqca sadəlövh olub və əlindəki bütün kartları açıb. Görək, komanda ilk yarışlarda necə təsir bağışlayacaq. Onların maşınlarını mövsümün gedişində rəqibləri qədər inkişaf etdirə bilməyəcəklərini də istisna etmək olmaz. Çünki bu, son illərdə dəfələrlə olub. Əgər Mattia Binotto və komandası belə olmadığını göstərə bilsə, çox gözəl olacaq!
RED BULL – 8.5
Belə yüksək bal dahi Ədrian Nyuinin istedadına avans olaraq verilib, çünki komanda testlərdə heç bir iz qoymayıb. Hamı RB13-ün öz konsepsiyası ilə inqilab yaradacağını gözləyirdi, lakin məlum oldu ki, maşın çox sadədir. Buna baxmayaraq, mən çətinliklə də olsa, ondakı nadir fəqrlilikləri görə bildim. Red Bull da Ferrari kimi qısa şassiyə üstünlük verib. Lakin dediyimiz kimi, bunun üstünlük verib-verməyəcəyini mövsümün gedişində görəcəyik. Məncə, Renault-nun güc qurğusundakı problemlərə görə komanda nəyə qadir olduğunu göstərə bilmədi, lakin Renault bu problemi qısa müddətdə həll etsə, komandadan sıçrayış gözləyirəm.
TORO ROSSO – 8.0
Ceyms Kinin hazırladığı maşın şəxsən mənə çox maraqlı gəldi. Bir çox detallar Mercedes AMG-nin maşınındakılara bənzəyir. Onlar da Renault motorundakı problemlərə görə öz potensiallarını göstərə bilməyiblər. Yarışlarda göstərəcəkləri nəticələr Renault-nun güc qurğusunu nə qədər təkmilləşdirəcəyindən asılı olacaq.
WİLLİAMS – 7.5
Komanda yeni FW40 maşınını təqdim edərkən çox da diqqət cəlb etməmişdi. Lakin biz gördük ki, komanda Felipe Massa sükan arxasında olarkən əldə edilən nəticələrdən razıdır. Maşın görünüşcə çox sadədir, lakin belə görünür ki, onlar testlərdə Mercedes-in güc qurğusunun tam potensialından istifadə ediblər. Mövsümün ilk yarışlarında komandadan yaxşı nəticələr gözləmək olar. Lakin Ləns Strolla bağlı problemlər yaranarsa, təəccüblənmək olmaz, çünki gənc kanadalı Formula1-ə tamamilə hazır sürücü təəssuratı yaratmır. Lakin onun atası komanda üçün maliyyə dəstəyidir və yeni texniki direktor Pəddi Lounun texniki departamenti yenidən qurmasına qədər 2017-ci ili keçid ili kimi qiymətləndirmək olar.
FORCE İNDİA – 7.0
Həmişə olduğu kimi, Force İndia-nın bolidi motorunu özü təchiz edən etibarlı alman avtomobili kimi görünür. Lakin testlərdə biz onlardan qeyri-adi nəticə görmədik. Buna baxmayaraq, komandanın yaxşı sürücüləri və stabil texniki strukturu var. Yeganə problem maliyyələşmə və komandanın heç də yaxşı vəziyyətdə olmayan rəhbəri Vicey Malya ilə bağlı yarana bilər.
RENAULT – 6.5
Açığı, zavod komandasından daha artığını gözləmək olardı. Frederik Vassyör yanvarda komandadan getdi və bütün idarəetməni Siril Abitebul öz üzərinə götürdü. Bütün bunlara görə də, komandanın potensialı hələ ki, tam aydın deyil. Əgər komanda yerində saymağa davam edərsə, Niko Hülkenberq üçün heyifslənmək lazımdır. Axı bu sürücü daha yaxşısına layiqdir. Keçən mövsüm komanda üçün keçid xarakteri daşıyırdı. Renault hansı sürətlə inkişaf edir – mövsümün gedişində məlum olacaq.
HAAS – 6.0
Komanda keçənilki uğurlu sayıla biləcək debütdən sonra inkişafda olduğunu təsdiq etməlidir. Lakin bu asan olmayacaq. Onların Dallara ilə tərəfdaşlıq çərçivəsində düzəltdikləri şassi Ferrari-nin şassisinə çox bənzəyir. Komanda bu il də mövsümün əvvəllərində Ferrari-nin motoru hesabına yaxşı nəticələr əldə edə bilər. Lakin mövsümün gedişində rəqiblərinin daha sürətlə inkişaf etmələri fonunda, Haas-ın geriləməsini gözləmək olar.
SAUBER – 5.0
Görünür ki, Sauber keçənilki maliyyə problemlərindən tamamilə yaxa qurtarıb. Maşın çox gözəl görünür. Lakin unutmaq olmaz ki, onlar Ferrari-nin keçənilki güc qurğusundan istifadə edirlər. Bu, mövsümün əvvəlində özünü göstərməyə bilər, lakin digər mühərriklər inkişaf etdikcə, onlar arxada qalacaqlar.
McLAREN – 4.0
Dörd bal McLaren şassisinin və sıfır bala layiq iş görən Honda-nın ortaq balıdır. Hamı McLaren və Honda-nın 80-90-cı illərdə birgə qazandıqları zəfərlərdən danışır, lakin əsrin əvvəllərində Formula1-də zavod komandası kimi iştirak edən Honda-nın bərbad çıxışını unudurlar. McLaren-in vəziyyətin yaxşılaşacağına nə üçün ümid etdiyi aydın deyil.
Məlum məsələdir ki, bu qiymətləndirmədə qeyd edilən bir çox şey mövsüm başlayanda səhv çıxacaq. Biz yalnızca Avropadakı yarışlar başladıqda vəziyyətin nə yerdə olduğunu tam başa düşəcəyik. Ümid edək ki, yeni reqlament sürücülərin istedadının ön plana çıxmasına kömək edəcək, yeni təkərlər daha aqressiv hücum etməyə imkan verəcək. Lakin ötmələrin azalması və ancaq DRS hesabına mümkün olması ehtimalı da var. Sürücülər bəzi yarışlarda yanacağa qənaət etməli olacaqlar. Fərqli strategiyaları da daha az görəcəyik, çünki bu il təkərlər daha dözümlüdürlər və sürücülər bir çox yarışları bir pit-stopla başa vura bilərlər…