Sözün düzü, keçən ayın əvvəlində dünya premyerası baş tutan bir modelin təqdimatına gedərkən onun haqqında əvvəlcədən bütün məlumatları öyrənmişdim, amma ilk dəfə idi ki, yenilik sözün əsl mənasında reallıqda məni bu qədər təəccübləndirdi. Ona görə də əvvəlcə sizi də istehsalçının vədləri ilə tanış etmək istəyirəm, daha sonra isə öz müşahidələrimi sizinlə bölüşəcəm.
Beləliklə, qarşılayın – TAM YENİ TOYOTA LAND CRUİSER 300!
Sonuncu dəfə 14 il əvvəl yenilənmiş və 200 indeksini almış model arxada qalan müddət ərzində bir neçə dəfə stil və görünüşünü dəyişsə də, bu dəfə 300 indeksindən əlavə hər şeyini dəyişib: xarici və daxili görünüş, optika, asılqan, mühərrik…
Yeni maşın barədə yayılan əsas xəbərlərdən biri bu idi ki, 300-ün gəlməsi ilə yaponlar modelin təyinatını dəyişməyə qərar veriblər: bundan sonra istehsalçı onu sadəcə yolsuzluq (off-road) deyil, bütün yolların avtomobili (allroad) adlandırır. Yəni indi Toyota-ya görə, “Kruzak” yalnız palçıq, çöl, dağ, dərə-təpə, qaranlıq və keçilməzlikləri qət etmək üçün yaradılmayıb. Təxminən üç tonluq bir mamont üçün nə qədər qəribə səslənsə də, müasir “Kruzak” həm də şəhər yolları üçün daha uyğun olan “sivil” nəqiyyat vasitəsinə çevrilib. Ancaq qaşlarınızı çatmağa tələsməyin – marketoloqlar yaydıqları tizerlərdə nə qədər çalışsalar da, yenə də qarşımızda eyni “Kruzak” durur.
Texniki göstəricilərindən başlayaq – hətta seqmentinin bəzi modelləri ramadan çıxsalar da, LC300 hələ də rama (çərçivə) üzərində yığılıb – düzdür, bu dəfə tam yeni modul arxitekturası (TNGA-F) tətbiq olunub. Yeni yüngülləşmiş platforma ağırlıq mərkəzinin aşağı düşməsinə və çəki paylanmasını ön oxun xeyrinə (53/47, sələfində 55/45 idi) dəyişməyə imkan verib. Kuzovun və ramanın ümumi bərkliyi 20% artıb. Çərçivənin uzununa yük daşıyan elementləri və çarpaz, köndələn hissələri lazer qaynağı ilə birləşdirilmiş, yüksək möhkəmlikli poladdan hazırlanıblar. Dayaqlar və kandarlar da poladdandır, lakin ön qanadlar, motor qapağı, dam və bütün qapılar indi alüminiumdan hazırlanıb. Qabarit ölçülərindən yalnız maşının hündürlüyü 5 sm azalıb, bu da ağırlıq mərkəzinin aşağı düşməsinə böyük təsir edib. Bütün bu yeniliklər nəticəsində modelin kütləsi 200 kq azalıb, amma yekunda biz sələfi ilə eyni kütləni görürük – bunun səbəbi yeni modeldə tətbiq olunan elektron köməkçi sistemlərdir.
Yeri gəlmişkən, arxa yük yerinin qapısı indi iki yerə bölünməyib, monolitdir və elektrik motorunun köməyi ilə hərəkət edir. Bu dəfə yaponlar onu təmassız açma cihazı ilə də təchiz etməyi unutmayıblar – sadəcə açar əlinizdə və ya cibinizdə olarsa, ayağınızı aşağıya uzatmaqla arxa qapını açmaq olar.
Modelin asılqan sistemi də yenilənib: ön amortizatorların gediş yolu uzanıb, arxa amortizatorların yerləşmə vəziyyəti dəyişib, yeni nəsil E-KDSS sistemi peyda olub – köndələn dayanıqlıq üçün aktiv stabilizatorları bir-birindən asılı olmayaraq elektron sistem tənzimləyir, bununla maşının əyilməsi azalır və yolsuzluqda təkərlərin hərəkətliliyi artır.
Sükan idarəetmə sistemində hidravlik gücləndiriciyə indi elektrik motoru da kömək edir, bununla hətta yerində dayanmış maşında sükanın fırlanmasının asanlığı dərhal diqqət çəkir. Şəhər daxilində, tıxac və ya sıxlıq zamanı sürücünün işini asanlaşdıracaq elektron sistemlər də bu gücləndiricidən yararlanacaqlar.
Modelin yerdən hündürlüyü (klirens) 23 sm qalıb, giriş və çıxış bucaqları da sələfindən, demək olar ki, fərqlənmirlər (uyğun olaraq 32 və 26.5). Tam dartmadır, üç sərt məcburi klidləmə (bloklama), buna uyğunlaşan adaptiv asılqanlar, modernizə olunmuş Multi-Terrain Select (yeni Avtomatik və Dərin Qar rejimlər) və Crawl Control (yolsuzluq üçün “sürünməyə” nəzarət) sistemləri, eləcə də maşının düz önünə, düz arxasına, altlığına, ayaqaltılarına, yəni tam ətrafına nəzarət etmək üçün 3D kameralardan alınan təsvirlər – bütün bunlar “Kruzak”a ilk dəfə oturan sürücünün işini asanlaşdırmaq üçün nəzərdə tutulub.
Modelin optikası da tam yenilənib, dönmə işıqları indi dinamikdir. Ön işıqlar adaptiv matrisalıdır, yəni qarşıdan gələn maşında sürücünü kor etməmək üçün işıq selinin gücünü azalda bilir. Arxa optika da led işıqlardır. Arxa kamera isə artıq özünü yuya bilir – xüsusi su şırnağı onu daim təmiz saxlamağa imkan verir.
Motor qapağının altında isə bizi əsl inqilab gözləyir – V şəkilli 2 turbinli 6 silindrli 3.5 litrlik motor 650 Nm fırlanma anında 415 at qüvvəsi hasil edəcək. Bu “ilxı” ilə model 100 km/saat sürəti cəmi 6.7 saniyəyə yığmalıdır. Qeyd edək ki, yeni motor 10 pilləli yeni ötürmələr qutusu ilə tandemdə çalışacaq. İstehsalçı dizel yanacağı ilə çalışan mühərrik də vəd edir, yəqin ki, ölkəmizdə dizel həvəskarları üçün bu model daha maraqlı olacaq.
Motordan sonra keçək maşınının salonuna: daxildə isə dərhal diqqəti 12.3 düyməlik displey cəlb edir. Bu dəfə proqram təminatı daha müasir və daha güclüdür, hər iki – Apple CarPlay и Android Auto sistemlər dəstəklənir. Displeyin altındakı bütün düymələr klassik formasını və xarakterini saxlayıb. Mərkəzi konsolda hətta kompakt disk oxutdurmaq üçün girişin də qalması maraqlıdır. JBL mutimedia sistemi 14 dinamiklə təmsil olunur. USB-C formatlı girişlərin, naqilsiz batareya doldurma yerinin olması mobil texnologiya həvəskarları üçün əvəzolunmaz yeniliklərdir.
Cihazlar paneli isə hələ də tam rəqəmsallaşdırılmayıb – sürücünün gözləri önündə yenə də analoq şkalalar canlanır, amma onların arasında 7 düyməlik displey yer alıb ki, bu displeyə istənilən məlumatı çıxarmaq mümkündür. Panelin sağ yuxarı küncündə isə əsas yeniliyi görmək mümkündür – Start/stop düyməsinin düz mərkəzində barmaq izlərini oxuyan skaner. Yəni mühərriki işə salmaq üçün bort kompüterin yaddaşına 4 sürücünün barmaq izini tanıtdırmaq mümkündür. Ən maraqlısı – hansı sürücünün mühərriki işə salmasından asılı olaraq, sistem onun bütün tənzimləmələrini – oturacaqlar, güzgülər, radiodalğa, klimat, sükan və s. dərhal tətbiq edəcək.
İndi isə gələk yeni maşının real təqdimatına və başlayaq xarici görünüşündən. Ümumiyyətlə, istənilən modeldə aqressivliyi xoşladığım üçün yeni “Kruzak”a verilən bu cəhətdən xoşum gəldi. Təkər arkalarının kvadratlaşması və səthinin hamarlanması maşını daha ensiz göstərir, öndən isə qıyıq gözlər və daimi təbəssüm gündoğan ölkəni təcəssüm edir. Sələfindən fərqli olaraq daha az xromdan istifadə də yeni modelin xeyrinədir. Maşının interyerindəki yeniliklərin hamısı erqonomikanı yüksəltməklə, hər şeydən əvvəl sürücüyə 3 tonluq maşını deyil, balaca sedanı idarəetməsi təəssüratını yaradır. Oturacaqda ventilyasiya sisteminin olması isə isti havalarda səyahət edənlər üçün gözəl fürsətdir. Sükan başlığı yeni gücləndirici hesabına asanlıqla fırlanır. Cihazlar panelində köhnə analoq variant qalsa da, sürücü lazım olan məlumatı proyeksiya ekranı ilə alın şüşəsinə verə bilər.
Maşını test edərkən yeni V6 mühərrikin bütün gözəl xüsusiyyətlərini kəşf etdim – mühərrik qaz pedalına dərhal reaksiya verir, çox cəld sürətlənir, əyləclərin supportu böyüdüldüyü üçün sələfindən fərqli olaraq, daha yaxşı tutur. Maşında ağırlıq mərkəzi aşağı salındığı üçün manevrlik qabiliyyəti çox artıb – həm sığır testində, həm slalomda konusların arasında böyük sürətlə belə asanlıqla hərəkətni davam etdirir. Bəzi döngələrdə qəsdən maşının burnunu döngəyə buraxdım, yenə də asanlıqla döngəni keçdi, 90 dərəcəlik döngənin girişindən qaz pedalını döşəməyədək basıb saxladım – sürət 70 km/ssatdan 100-dək artsa da, mərkəzdənqaçma təcili nə qədər çalışsa da, maşın yoldan kənara çıxmadı, maşının içində isə əyilmə hiss olunmadı.
Yolsuzluq şəraitində isə yeni modelin asılqan sistemini yoxladıq – maksimum sağa və sola 30 dərəcəlik əyilmələrdə, giriş və çıxış bucaqlarının maksimum kəmiyyətlərində LC300 özünü əsl yolsuzluq kralı kimi apardı. Köməkçi elektron sistemlər isə hətta təcrübəsi az olan sürücünün yolun yarısında qalma ehtimalını minimuma endirir – biz hələ bloklamadan (kilidləmədən) heç istifadə etmədik. Əlbəttə, belə bir mühərrikə əlavə elektrik mühərriki də qoşulsaydı, hibrid güc qurğusu onu daha möhtəşəm edərdi.