Bununla belə, Yeni Zelandiyada cümə gününün nəticələrinə görə, Kalle Rovanperanın titulu təmin edə biləcəyini hələlik söyləmək mümkün deyil: Toyota komandasından olan finlandiyalı günü 4-cü yerdə başa vurub, onun əsas rəqibi Ott Tənak isə ralliyə liderlik edir.
F-1.az xəbər verir ki, Hyundai-nin estoniyalı sürücüsü dünən şeykdaunda qalib gəldikdən sonra bu gün ilk doplarda Ford-dan Kreyq Brinlə gərgin mübarizə aparmalı olub. Amma naharda başlayan yağış Tənakın xeyrinə olub.
Brin nahardan sonra mübarizəni dayandırıb, Tənak isə axşama qədər Toyota-nın üçlüyü ilə mübarizə aparıb. Hətta yarışa qayıtmış Sebastyen Ojye də liderliyə yüksəlib. Amma aşağı sallanmış budaqların arxa spoyleri qırması üzündən Ojye geriyə düşüb və liderliyə Elfin Evans yüksəlib.
Günün sonuncu dopunda isə Tənak liderliyi özünə qaytara bilib – yekunda 2019-cu ilin çempionu Evansı cəmi 0.2 saniyə qabaqlayıb. Ojye və Rovanpera da liderə cəmi 7 saniyə uduzurlar.
Şənbə günü mübarizə 6 dopda davam edəcək…