Təhlil: Red Bull-un Ferstappen transferi

Daniil Kvyat Rusiya QP-dəki insidentdən sonra yerini Maks Ferstappenə verməli oldu. Bu cəza sizə çox sərt görünə bilər, amma bu hekayədə sizin bilmədiyiniz çox şey var...

F-1.az xatırladır ki, Red Bull şirkəti avtoidmanda ən güclü gənc sürücü proqramına sahib olan komandadır. Avstriyalıların Formula1-də 2 komandası, 4 bolidi və güclü büdcələri var. Buna görə də onlar istedadlı sürücüləri hələ kartinqdə yarışan vaxtlarından gənc sürücü proqramlarına götürüb, maliyyələşdirirlər.

Red Bull komandası gənc sürücülərə Toro Rosso vasitəsi ilə Formula1-də debüt etmək şansı verir.

Mercedes, Ferrari və hətta McLaren komandasının da buna bənzər gənc sürücü proqramları var, amma heç biri Red Bull-da olduğu kimi effektli deyil. Bunun əsas səbəbi isə Red Bull-un hər seriyada sponsor kimi iştirak etməsidir. Red Bull kartinqdə, F4-də, F3-də, Formula Renault-da, GP2-də və s. ağlınıza hansı seriya gəlirsə, orada sponsorluq edir. Harada istedadlı sürücü varsa, Red Bull onunla maraqlanır və ya dəbilqəsinə şirkətin loqosunu vurur.

Amma işin digər tərəfi də var. Red Bull gənc sürücü akademiyasında o qədər istedadlı sürücülər var ki, biri xırda səhv edəndə onu dəyişdirmək mümkün olur. Çünki Red Bull Junior Team-dən daha yaxşı sürücü tapmaq mümkündür.

Sürətlisən, amma səhv edirsən? Onda, sənə yaxşı yol. İstedadlısan, amma mətbuatla ünsiyyət qura bilmirsən? Onda, sənə yaxşı yol. Junior Team-ə qoşulandan sonra heç bir seriyada hegemonluq edə bilmədin? Onda, sənə yaxşı yol. Qeyd edək ki, sistem hər yerdə belə işləyir, amma bu hallar Red Bull-da tez-tez baş verir. Buna əsas nümunələrdən biri isə bir dövrlər McLaren gənc sürücü proqramında çıxış edən Uesli Qreyvs-dir.

Bəzən burada özlərinə yer tapa bilməyən sürücülər başqa komandaların diqqətini cəlb edirlər. Bəziləri isə özlərinə yer tapa bilmədiyi üçün heç vaxt Formula1-də çıxış edə bilmirlər.

Məsələn, Brendon Hartli gözləntilərə baxmayaraq, heç vaxt Formula1-də yarışa bilmədi. Xayme Alqersuari gənc və istedadlı sürücü idi, amma onunla dil tapmaq çətin idi, buna görə də Formula1 karierası uzun çəkmədi. Sebastyan Buemi də Red Bull-a transfer ola bilmədi və indi WEC-də çıxış edir. Jan Erik Vern isə keçən il Red Bull tərəfindən seçilmədi və hazırda Formula E-də yarışır. Eyni zamanda, Ferrari-nin test sürücüsüdür.

Maks Ferstappen Red Bull sürücü akademiyasında Sebastyan Fetteldən sonra ən böyük istedad sayılır. Ferstappenin 18 yaşı olmasına baxmayaraq, sürəti ilə, ötmələri ilə və stabilliyi ilə göz qamaşdırır. Amma Red Bull Ferstappeni əlində saxlamaqda çətinlik çəkir. Çünki, Ferstappen onsuz da Red Bull olmasa belə, Formula1-ə gələcəkdi. Hollandiyalı sürücü Esteban Okon ilə birlikdə 2013-cü ildə kartinqdə, 2014-cü ildə isə F3 Euroseries-də hamının radarına düşmüşdü. Ferstappen Mercedes ilə müqavilə bağlamağa yaxın idi, amma Red Bull sonrakı mövsümdə ona Formula1-də yarışmağı vəd etdi. Yəni ki, Maks 2014-cü ildən bəri heç kəsə möhtac deyil. Belə görünür ki, hələ də olmayacaq.

Red Bull Junior Team belə hallara öyrəşməyib. Əgər bir sürücü sizin istədiyiniz kimi davranmırsa, onu dəyişdirə bilərsiniz, amma Maks dəyişdiriləcək sürücü deyil. Maks aqressivliyinə və qətiliyinə görə atasına oxşayıb.

Ferstappen mövsümün əvvəlindən Red Bull-a keçmək istədiyini deyirdi. Əgər o növbəti il də Toro Rosso-da qalmalı olsaydı, onun çoxlu seçimi ola bilərdi. Bunlardan birincisi Mercedes mühərrikli komandalardan birinə, böyük ehtimalla Williams-a trasnfer olmaq idi. Daha sonrakı hədəf isə Mercedes AMG-də ya Rosberqi, ya da Həmiltonu əvəzləmək olmalı idi. İkinci alternativ isə Ferrari komandası olacaqdı. Hollandiyalı burada Rəykköneni əvəz etməli idi. McLaren-in isə əlində Vandorn və Maqnussen kimi istedadlı sürücülər olduğu üçün oradan heç nə gözləmək olmazdı, amma Maks və atası Ron Dennis ilə danışıqlar aparsaydı, Ron nəsə fikirləşə bilərdi.

Red Bull indi 2014-cü ildə etdiyini təkrarlayır. Növbəti mövsümdə heç kim Ferstappeni əllərindən almasın deyə ona böyük hədiyyə verirlər. Əgər avstriyalılar 2014-cü ildə Ferstappenə Toro Rosso-da yer verməsəydilər, hollandıyalı GP3-GP2 və F1 ardıcıllığı ilə Formula1-ə 19-20 yaşında daxil olacaqdı. Ancaq Red Bull bilirdi ki, onun qarşısında xüsusi bir istedad var və Ferstappen ilk yarışında gələcəyin çempionu olduğunu göstərdi.

Kvyatla olan barter də eyni formada işləyir. Ferstappen başqa komandaya keçməsin deyə, ona mövsümün ortasında bu hədiyyə verilir.

Red Bull Junior Team-dən göndərilən və ya proqramdan istədiyi nəticəni ala bilməyən sürücülər həmişə səhv vaxtda səhv yerdə olduqlarını deyirlər.

Rusiya Red Bull üçün ən vacib bazarlardan biri sayılır. Daniil Kvyat da çox gənc, sürətli və özünə inamı olan sürücüdür.

Çindəki yarışda komandasına bu mövsümdəki yeganə podiumunu qazandırdı və Fettel öz günahını onun boynuna qoymaq istəyirdi. Təcrübəli sürücülər gənc sürücülərə qarşı  həmişə belə hərəkətlər edirlər.

Kvyat isə, əksinə, Fettelin sözlərindən təsirlənmədi. Özünü yaxşı apardı və hamı tərəfindən alqışlandı.

Soçidə isə başqa bir hekayə oldu. Kvyat və Fettelin insidenti bir sürücünü komandadan göndərməyə dəyməzdi.

Birinci təmasda Kvyat günahkar idi, qəbul edirik. Amma bu hal hər sürücünün başına gələ bilər. Əylənmə zamanı arxa təkərlərin bloka düşməsi tez-tez təkrarlanan haldır. İkinci təmasda isə Fettel sürətli döngədə Peresdən qaçmaq üçün ayağını qazdan çəkdi. Burada Kvyat heç nə edə bilməzdi.

Amma Kvyat burada səhv vaxtda və ən səhv yerdə idi. Biz pərdə arxasında nələrin baş verdiyindən xəbərdar deyilik. Bu iki QP-dəki hadisələr sürücünün göndərilməsi üçün səbəb deyil.

Bizim gördüyümüz qədərilə Red Bull Ferstappeni itirməmək üçün Kvyatla yerini dəyişdirdi.

Soçi yarışından sonra biz ilk dəfə Daniel Rikkardonu əsəbi və qəmgin gördük. Biz bilmirik ki, Daniil Kvyat dünənki iclasda nə deyib və özünü necə aparıb. Amma bu barter Ferstappenin əldən getməməsi üçün baş tutdu.

Həm Ferstappen, həm Kvyat, həm də Red Bull sınaq müddətindən keçəcək. Ferstappen RBR-ə layiq olduğunu göstərməlidir. Daniil Kvyat isə göstərməlidir ki, o, güclü sürücüdür və Red Bull onu digər sürücülər kimi Formula1-dən uzaqlaşdırmamalıdır. Red Bull isə Ferstappenə göstərməlidir ki, onlar gənc sürücüyə çempionluqlar qazandıracaq bolid verə bilərlər.

Karlos Sayns isə yeni Jan Erik Vern olmamaq üçün oturub düşünməlidir…

, , , , , , , , , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*