Təhlil: İspaniya QP-nin görünməyən qəhrəmanı kim idi?

2016-cı il İspaniya yarışının əsas hadisəsi Maks Ferstappenin sensasiyalı qələbəsi ola bilər, amma bu yarışda karyerasına təsir edəcək çıxışı ilə özünü göstərən təkcə o deyildi...

Başqa bir yarışda, öz vətənində, karyerasının ən yaxşı nəticəsini alan və bütün bunları edərkən daha təcrübəli komanda yoldaşını məğlub edən sürücü barədə çox danışıla bilərdi.

Amma 2016-cı ilin İspaniya yarışı elə-belə yarış deyildi. Maks Ferstappen Mercedes komandasının 10 ardıcıl qələbə seriyasını qıraraq dünya çempionu Kimi Rəykkönenin təzyiqinə tab gətirərək finiş xəttini birinci keçdikdən sonra dünya mətbuatının diqqətini özünə cəlb etdi. Tam əminliklə deyə bilərik, Qran Pri haqqında bütün süjetlərin və hesabatların ən azı yarısı ona həsr olunmuşdu – digər yarısını isə Rosberq və Həmiltonun qəzası zəbt etmişdi.

Fenomenal zəfərindən sonra Ferstappen şərəf dövrəsi vuraraq boksa qayıdarkən arxada onun keçmiş komanda yoldaşı qulaqlıqlarda komandasının təbrikini eşitdi: “Bəli, Karlos, bəli! Altıncısan! Əhsən!”

Karlos Saynsın komanda yoldaşı Maks Ferstappen Toro Rosso-dan Red Bull-a yüksəldi və bunu görmək ispaniyalı sürücü üçün necə ağır olduğunu təsəvvür etmək elə də çətin deyil. Karlos Sayns bunun nəticəsində 2013-cü ildə GP3-də onu məğlub edərək, Formula1-ə yüksələn Daniil Kvyatla komanda yoldaşı oldu.

İspaniyalı sürücü bildirmişdi ki, bu yerdəyişmədən sonra Toro Rosso-da özünü daha rahat hiss edir və Barselonadakı yarış bunu sübut etdi.

Niyə başqa cür olmalıydı? Sayns və Ferstappen arasında cari mövsümün debütündə həqiqətən müəyyən gərginlik var idi, amma şübhə etmirik ki, ispaniyalı sürücü artıq kifayət qədər psixoloji gücə sahibdir.

Amma əgər mövsümün əvvəlində onların münasibəti əla olsaydı belə, hollandiyalının komandadan getməsi, istənilən halda, Karlosa müsbət təsir göstərib.

Bir çoxları görürdülər ki, gənc sürücü komandada debüt etdiyi gündən işinin öhdəsindən yaxşı gəlir. Amma mətbuatda onun adına ancaq Ferstappen haqqında yazıların dərinliklərində rast gəlmək olardı. İspaniyalı sürücünün azarkeşlərinin böyük bir hissəsi isə “vunderkind Maks” ətrafında yaradılan səs-küyün əleyhdarlarıdır və onlar Maksın komanda yoldaşını, çox güman ki, alternativ variant kimi dəstəkləyirdilər.

Ona görə də təsadüfi deyil ki, Sayns ev trasında sıralanma turunu yüksək səviyyədə keçirdi. Düzdür, əvvəllər startda daha yüksək yerlərdə dayanmışdı, amma komanda yoldaşı üzərində belə böyük üstünlük qazanmasını yada salmaq çətindir.

Amma məsələ təkcə bunda deyil. Son sessiyada sürücü öz işini əla gördü və əvvəlki sessiya ilə müqayisədə nəticəsini 0.4 saniyə yaxşılaşdırmaq Serxio Peres və Fernando Alonsonu inamla qabaqladı.

Startda səkkizinci mövqedən əla start aldı. Mercedes sürücüləri “aradan” çıxdıqdan sonra qırmızı öküz təsviri olan 3 maşın peletona başçılıq etməyə başladı. Sayns hər iki Ferrari sürücüsünü qabaqlamaqla restartda çox vacib olan mövqe tutmuşdu – konsern üzrə komanda yoldaşlarını digər sürücülərdən ayırırdı.

Finişdən sonra ispaniyalının dedikləri: “Birinci döngəyə çatdıqda DRS-dən istifadə etdikləri üçün Ferrari sürücüləri məndən 35 km/saat sürətli olurdular. Ona görə də komanda radio ilə mənə bildirdi ki, onlara gərgin mübarizəyə girişməyim, çünki bizim rəqiblərimiz onlar deyildilər. Mən də komanda ilə razılaşdım, amma düşündüm ki, ilk cəhddən onlara təslim olmayacam, daxili trayektoriyanı tutmaqla bir az onlarla oynayacam”.

Yarış dördüncü dövrədə canlandı – Karlos isə Rikkardo və Ferstappen üçün bir növ cangüdən rolunu oynamağa başladı. Əvvəlcə Fettel hücumlara başladı, almaniyalı sürücü 8-ci dövrədə DRSin köməyi ilə Saynsı keçəndə artıq Red Bull sürücülərinə 4 saniyədən çox uduzurdu.

Rəykkönen isə Saynsın arxasında daha çox ləngidi və ilk pitstoplar dalğasında liderlərə artıq on saniyə uduzurdu.

Karlosun dediklərindən: “Mən uzun müddət müdafiə oluna bildim. Sonra qulaqlıqda yenə də eşitdim ki, “sakit ol, onlar bizim rəqiblərimiz deyil. Ona görə də çox dirəşmədim. Red Bull bilirdi ki, mən onlara kömək edirəm”.

Sayns qazandığı saniyələrin ana komanda üçün nə qədər vacib olmasını dəyərləndirmək asan deyil. Amma onun cəhdləri Red Bull-a doğrudan da kömək etdi – komanda hər iki sürücüsünün pit-stopunu Skuderiyanın taktiki gedişindən qorxmadan reallaşdırdı.

Yarışın qalan hissəsi iki lider komandanın gərgin mübarizəsi şəraitində keçdi. Sayns isə öz mübarizəsinə davam edirdi.

Sayns Rəykkönenin arxasına düşən kimi boksa yollandı və yeni Medium təkər dəsti aldı. Komanda bu yolla sürücüsünü Valtteri Bottasın önündə saxlamaq istəyirdi.

Komandanın cəhdi alınmadı: finlandiyalı sürücü kifayət qədər yeyilmiş Soft təkərlərlə iki sürətli dövrə vuraraq boksda Karlosun önündə trasa qayıda bildi. Bundan sonra Toro Rosso sürücüsünü heç kim narahat etmədi və Karlos maşını finiş xəttinə altıncı yerdə çatdırdı.

Ayrıca qeyd etmək lazımdır ki, belə gözəl yarışdan sonra Sayns komanda yoldaşı Kvyatın hesabına asan yolla xeyrinə tərif qazanmadı – Kvyat ispaniyalıya 30 saniyə uduzaraq finiş xəttini 10-cu keçmişdi.

İspaniyalının dedikləri: “Biz bir-birimizi artıq çoxdan tanıyırıq. Mənə onun güclü tərəfləri məlumdur. Adətən, Daniil mövsümün sonunu daha güclü keçirir: Red Bull-dakı keçən mövsümü və ya Toro Rosso-dakı əvvəlki mövsümü yada salın.

Şübhə etmirəm ki, artıq Monakoda Kvyat mübarizəyə qayıdacaq. Bu gün yarışı 10-cu yerdə bitirdi. Bu nəticəni yüksək hesab etməmək olar – amma 13-cü yerdən start aldıqda elə də pis nəticə deyil”.

Əslində, mövsümün qalan yarışlarında Karlos və Daniil arasında gərgin duel izləyəcəyik: onların hər biri başa düşür ki, birinin digərini üstələməsi nə qədər vacibdir, həm də, məhz bu cütlük peletonda bir-birini hamıdan yaxşı tanıyır.

Əlavə etsək ki, “öküzlərin” yetirməsi GP2 seriyasının sürücüsü Pyer Qasli Barselonada liderliyi ələ alıb, onda Saynsın mövsümün sonunda Kvyatı üstələməsi daha vacib olur.

Eyni zamanda, əgər Karlos İspaniyada yarışdığı səviyyədə çıxışlarını davam etdirsə, 2017-ci ildə Toro Rosso-da daha bir mövsüm ona kifayət etməyə bilər – hələ cümə günü Karlos bildirmişdi, Ferstappenin ardınca o da top-komandaya keçmək istəyir.

Karlosun dedikləri: “Red Bull bilir ki, mən nəyə qadirəm və düşünürəm ki, təkcə onlar yox, başqaları da bilirlər. Sadəcə bu potensialımı reallaşdırmalıyam.

Mən əminəm ki, hər şeyə hazıram! Bax, elə indicə mənə güclü komandada yer verin və mən bunun öhdəsindən gələcəm.

Mən Helmut Markodan soruşdum ki, niyə Red Bull Ferstappeni götürdü? Marko mənə dedi ki, “Karlos, biz əvvəlki kimi sənə inanırıq, hazırda Maks öz şansını qazandı, sən isə əvvəlki işini davam etdirməlisən. Mübarizə apar, öz sürətini göstər. Daha bir neçə belə Qran Pri keçirsən, sən də öz şansını qazanacaqsan”. Ona görə də mən davam edəcəm”.

İki gün sonra Sayns bildirmişdi ki, İspaniyada “hər şeyi bir araya toplaya bildi” və Red Bull-a məhz buna qadir olduğunu göstərməliydi. Əgər belədirsə, onda indi Marko və komanda qarşısında yeni dilemma yaranıb.

Red Bull Ferstappeni komandada saxlamaq üçün metod tapdılar. Bəs Saynsı itirməmək üçün nə edəcəklər?

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*